Yubiley tədbiri iyulun 21-də baş tutacaq
Mərhum şair Akif Səmədin 60 illik yubiley tədbiri keçiriləcək. Yubiley tədbiri Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan təmsilçiliyi tərəfindən təşkil olunub.
Bu barədə AYNA-ya UASB-nin Azərbaycan üzrə rəhbəri, tanınmış rəssam Nəvai Metin məlumat verib. O bildirib ki, UASB-nin Azərbaycan təmsilçiliyi olaraq, Akif Səmədlə bağlı bir sıra layihələrə imza atılıb: “Abşeron rayonunda yerləşən bir küçəyə Akif Səmədin adının verilməsinə nail olduq. Buna görə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Həmçinin Akif Səmədin bir kitabını çap etdik. O cümlədən Akif Səməd barəsində sənədli film çəkildi. Kitabın çapında bizə yardım edən Nayma Qaramanlıya və Fərman Qəhramanlıya təşəkkür edirik”.
Akif Səmədin yubiley tədbiri iyulun 21-də, saat 16:00-da Rəşid Behbudov adına Mahnı teatrında baş tutacaq. Hər kəs dəvətlidir.
Qeyd edək ki, Akif Səməd 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 2004-cü il iyulun 6-da 44 yaşında Bakıda dünyasını dəyişən şair Aslanbəyli kəndində torpağa tapşırılıb.