ABŞ “tankı-topu” ilə Türkiyəyə savaş açacaqmı – <font color=red> ŞƏRH</font>

Siyasət

20.08.2020 - 21:13

Sülhəddin Əkbər: “Bayden Türkiyə ilə bağlı mövqeyinə korrektələr etməyə məcbur olacaq”

 

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Co Baydenin Türkiyə və Türkiyə Prezidenti ilə bağlı verdiyi açıqlama Türkiyə və dünyada böyük səs-küyə səbəb olub. Bayden “The New York Times” qəzetinə müsahibəsində, hakimiyyətə gələcəyi təqdirdə Ərdoğanı devirmək üçün müxalifətə dəstək verəcəyini və Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib: “Biz Türkiyə müxalifətini dəstəklədiyimizi açıq şəkildə göstərməliyik. Müxalifətlə açıq təmasa keçib, onları Ərdoğanı məğlub edəcək vəziyyətə gətirməliyik”.

 

Co Bayden “parlamentə töhfə vermək istəyən” kürdlərin inteqrasiyasına hər cür şərait yaradılmalı olduğunu da deyib: “Buna görə çox narahatam. Lakin mənim dediyim kimi, onlarla birbaşa əlaqələr qurmaq, Ərdoğanı məğlub edəcək vəziyyətə gələ bilmələri üçün Türk liderliyi elementlərindən faydalanaraq onları gücləndirməliyik”.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə “Twitter”də etdiyi paylaşımla Baydenə cavab verməyin vaxt itkisi olduğunu vurğulayıb: “Biz kimin nə dediyinə deyil, millətimizin nə istədiyinə, hansı istiqaməti göstərdiyinə baxaraq yolumuza davam edəcəyik. Gərəksiz mübahisələrlə enerjimizin xərclənməsinə, vaxt itkisinə, diqqətimizin dağılmasına izn verməyəcəyik”.

 

Ərdoğanın sözçüsü İbrahim Kalın isə Baydenin sözügedən bəyanatına daha sərt reaksiya verib: “Baydenin Türkiyəyə qarşı münasibəti cəhalət, təkəbbür və riyakarlıq üzərində qurulub. Ölkənin işlərinə qarışmaq cəhdləri isə ABŞ-ın özünə ziyan vuracaq”.

 

Maraqlıdır, ABŞ-da keçiriləcək prezident seçkilərində Bayden hakimiyyətə gəlsə, bu, Türkiyə-ABŞ münasibətlərinə necə təsir edəcək? Baydenin cəhdləri ABŞ-Türkiyə qarşıdurması ilə nəticələnə bilərmi?

Sülhəddin Əkbər:

Mövzu ətrafında AYNA-ya danışan Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər sözügedən bəyanatın ABŞ-ın Türkiyə ilə bağlı yeni mövqeyi olmadığını bildirib: “Amerika Birləşmiş Ştatlarındakı müəyyən dairələr 2013-cü ildən başlayaraq Türkiyənin mövcud siyasi iqtidarı ilə müəyyən konfliktlər yaşayırlar. Bu da ilk növbədə regional siyasət və kürdlərin məsələsinə baxışla bağlıdır. Burada konfliktin əsas mənbəyi ABŞ-ın İsrail və dünya yəhudi cameəsi ilə birlikdə Yaxın Şərqdə yeni müstəqil kürd dövləti qurmaq planları ilə bağlıdır ki, bu da birbaşa Türkiyə və onun müstəqilliyi üçün təhdidir. Çünki bu məsələ Türkiyənin parçalanmasına gətirib çıxara bilər.”

 

“Bu məsələ Amerika Birləşmiş Ştatları, İsrail, eyni zamanda yəhudi-sionist dairələri üçün starteji hədəf olduğu üçün, hakimiyyətlərin dəyişmələrindən asılı olmayaraq hədəf dəyişmir. Sadəcə olaraq həmin hədəfin həyata keçirilməsi hakimiyyətlərin xarakterindən asılı olaraq dəyişir”, - AzDP sədri deyib.

 

O vurğulayıb ki, Tramp Ərdoğanla şəxsi münasibətlər qura bilsə də, Pentaqon, Xarici İşlər Nazirliyi, xüsusilə ABŞ dərin dövləti Türkiyə ilə konflikt yaşayır: “Ona görə də ABŞ-da hakimiyyətə istər Co Bayden gəlsin, istərsə də Tramp yenidən seçilsin, bu strateji hədəf dəyişməyəcək və ABŞ-la Türkiyə arasında gərginlik davam edəcək. Co Baydenin hakimiyyətə gələcəyi təqdirdə isə Türkiyə ilə, xüsusən də kürd məsələsi ilə bağlı gərginlik daha da arta bilər”.

 

“Lakin nəzərə almaq lazımdır ki, ABŞ-ın Avropa, xüsusən də post-sovet məkanına yönəlik siyasətində Türkiyəyə artan ehtiyacı, Co Bayden Prezident olsa belə, ABŞ-ı Türkiyə ilə hesablaşmağa məcbur edəcək. Hesab edirəm ki, Co Baydenin bu istiqamətdə səsləndirdiyi fikirlər onun real istəyini əks etdirsə də, real siyasət onu müəyyən korrektlər etməyə məcbur edəcək”, - deyə S.Əkbər əlavə edib.

Müəllif: Mərahim Nəsib