ABŞ Ordusunda Çinə aid hərbi məhsullar aşkarlanıb

Dünya

09.07.2020 - 16:53

Morqan “federal fırıldaqçılıq” maddəsi ilə 40 ilədək həbs cəzası ala bilər

 

ABŞ Prezidenti Donald Trampın “Pentaqon yalnız Amerika istehsalı olan məhsullardan istifadə edir” açıqlamasından sonra maraqlı detal ortaya çıxıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Müşahidə Avadanlıqları Qrupunun (SEG) ABŞ Hərbi Dəniz Qüvvələrini Çində hazırlanmış dəbilqə və zirehlərlə təchiz etdiyi iddia olunub.

 

Belə ki, Çin istehsalı olan avadanlıqların 2014-cü ilin sentyabrından 2019-cu ilin avqustunadək ABŞ-dakı federal agentliklərə satıldığı iddia edilib. Satılan avadanlıqların dəyərinin isə 660 min dollar olduğu bildirilib.

 

Lakin ABŞ Ticarət Sazişləri Qanununa əsasən, ölkə yalnız müqavilə bağlıdığı ölkələrin məhsullarını ala bilər ki, Çin bu ölkələr arasında deyil.

 

Buna görə də, məsələdə birbaşa səlahiyyət daşıyan Müşahidə Avadanlıqları Qrupunun (SEG) baş direktoru Artur Morqanın “federal fırıldaqçılıq” maddəsi ilə 40 ilədək həbs cəzası ala biləcəyi ifadə edilib.

Müəllif: Ayna.az