Yüz minlərlə ev işıqsız qalıb
ABŞ-ın Missuri və Kentukki ştatlarını vuran tornadolar nəticəsində ən azı 21 nəfər ölüb, onlarla insan yaralanıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, yerli hakimiyyət orqanları bu barədə məlumat yayıb.
Kentukki qubernatoru Endi Beşir bölgədə 14 nəfərin öldüyünü bildirib: "Təəssüf ki, daha çox məlumat əldə olunduqca bu rəqəmin artacağı gözlənilir".
Missuri ştatında azı 7 nəfər ölüb. Xüsusilə, Sent-Luis qraflığında beş, Skott dairəsində isə daha iki nəfər dünyasını dəyişib.
Missuri qubernatoru Mayk Kehe “X” hesabında yazıb ki, o və həyat yoldaşı bu xəbərdən "dərin kədərləniblər". O insanları qəzalı ərazilərdən qaçmağa çağırıb ki, fövqəladə hallar xidmətləri öz işlərini görə bilsin.
Sosial şəbəkələrdə təbii fəlakətin yaratdığı dağıntıları əks etdirən foto və videolar yayılıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
“PowerOutage” monitorinq resursunun məlumatına görə, yüz minlərlə ev işıqsız qalıb.