ABŞ-da Gəncə terroruna etiraz aksiyası keçirilib

Xəbərlər

26.10.2020 - 14:40

Ermənilər tərəfindən mülki şəxslərin, azyaşlı uşaqların, qadınların qətlə yetirilməsi pislənilib

 

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız Kapitol binasının önündə icazəli aksiya keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya verilən xəbərə görə, aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.

 

Minnesota Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib, erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə qarşı böyük təhlükə olduğunu bildiriblər.

 

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti qınayan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti ölkəmizin haqq səsini eşitməyə və mülki əhaliyə qarşı törədilən terror aktlarına biganə qalmamağa səsləyiblər.

 

Aksiya iştirakçıları Azərbaycanın dövlət himnini oxuduqdan sonra əllərində tutduqları “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi plakatlarla Hennepin dairə məhkəməsinin binasından Nikolet Mola doğru yürüş ediblər.

Müəllif: Ayna.az