ABŞ Çinlə ticarət müharibəsində 1 trilyon dollar itirə bilər

Dünya

19.02.2021 - 05:38

Amerikalı investorların illik itkisinin 25 milyard dollara çatacağı proqnozlaşdırılır

 

ABŞ Ticarət Palatası Çinlə ticarət müharibəsinin ABŞ-a bir trilyon dollara başa gələ biləcəyini açıqlayıb.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, hesabata əsasən, Ağ Ev bu mübarizəni davam etdirsə, ABŞ iqtisadiyyatı 10 il içində bir trilyon dollardan çox itirə bilər.

 

ABŞ Ticarət Palatasının hesabatında bildirilir ki, Çin mallarına tətbiq edilən vergidə 25 faizlik artım ABŞ-da ildə 190 milyard dollar, Çinə birbaşa investisiyanın azaldılması isə 500 milyard dollarlıq bir zərərə səbəb ola bilər.

 

Beləliklə, amerikalı investorların illik itkisinin 25 milyard dollara çatacağı proqnozlaşdırılır.

 

Ticarət Palatası mütəxəssisləri əmindirlər ki, ABŞ müəssisələrinin Çin bazarından çəkilməsi qlobal rəqabətə mənfi təsir göstərəcək və uzun müddətə ABŞ-ın qlobal liderliyi üçün ciddi nəticələr doğuracaq.

Müəllif: Ayna.az