Əvvəllər məhkum olunmuş şəxs polis əməkdaşlarının əməliyyatı ilə saxlanılıb
Narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Zərdab rayonunun Çallı kənd sakini, əvvəllər məhkum olunmuş Mətləb Əhmədov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ona məxsus evin bağ sahəsinə baxış zamanı çəkisi 2 kiloqram 325 qram olan narkotik tərkibli və əkilib-becərilməsi qadağan olunan 7 xaş-xaş kolu aşkarlanıb.
Mətləb Əhmədov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq göstərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.