Yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb

Xəbərlər

26.04.2021 - 15:56

O, xəbərdarlıqlara məhəl qoymayaraq yaşayış yerini tərk edib

 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı daha bir aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb olunan paytaxt sakini Şahbaz Eyvazova xəbərdarlıq edilərək ona sosial izolyasiya qaydalarına riayət etməsi və yaşayış ünvanını tərk etməməsi barədə müvafiq dövlət qurumları tərəfindən məlumat verilib.

 

Amma o, xəbərdarlıqlara məhəl qoymayaraq yaşayış yerini tərk edib və digər şəxslərin sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onu Nəsimi rayonu ərazisində saxlayaraq yaşadığı ünvana geri qaytarıblar.

 

E.Şahbazov barəsində Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

Müəllif: Ayna.az