Yarımçıq hərbi qiyam və Rusiyada sonun başlanğıcı: “Böyük münaqişə qarşıdadır”

Dünya

27.06.2023 - 10:23

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəz rəhbəri: “İlk baxışda belə görünür ki, problem həllini tapdı, amma daha ciddi problemlərin yarandığı göz önündədir”

İyunun 23-24-də Rusiyada “Vaqner” özəl hərbi şirkətinin başlatdığı və yarımçıq dayandırdığı qiyam dünya gündəminin əsas müzakirə mövzusudur. Bir gündə Rostov və Voronej şəhərlərini tutan, Moskvaya doğru yürüş edən, paytaxtın 200 kilometrliyində qiyamı dayandıran “Putinin aşbazı” kimi tanınan Yevgeni Priqojinin “Vaqner”inin niyə bu addımı atdığı sualları qalmaqdadır. Qiyamla bağlı bir çox versiyalar irəli sürülsə də, müəmma davam edir.

Proseslərlə bağlı AYNA-ya danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu hadisələrin baş verməsi gözlənilən idi:

- Priqojin bir müddət idi ki, üsyana qalxmışdı, Rusiya Müdafiə Nazirliyinin addımlarına etiraz edirdi. Şoyqunu faktiki olaraq təhqir edirdi. Bununla əslində adını çəkməsə də, Putini də tənqid edirdi, silah-sursat təminatında çətinlik çəkdiyini bildirirdi. İyunun 23-24-də baş verənlər həmin etirazların pik həddi idi. Priqojin qiyamı qaldırdı və maraqlıdır ki, Rostov və Voronej kimi iki şəhəri müqavimətsiz ələ keçirdi.

Demək olar ki, Putin 23 illik hakimiyyəti dövründə ciddi təhlükə və sınaqla üzləşdi. Çeçenistan müharibəsində belə, Putin bu qədər çətinliklə üzləşməmişdi. Təhlükənin miqyası həqiqətən böyük idi. “Vaqner” döyüşçüləri demək olar ki, Moskvanın bir neçə yüz kilometrliyində idilər. İnanıram ki, dayanmasaydılar, çox rahatlıqla Moskvanı da ələ keçirəcəkdilər. Çünki Rusiya hərbçiləri “Vaqner” muzdluları ilə döyüşməyəcəkdilər.

- Maraqlıdır, “Vaqner” niyə dayandı?

- Bunu tam dəqiq demək çətindir. Belarus lideri Lukaşenkonun vasitəçiliyi ilə qiyam dayandırıldı. Lukaşenko ilə Priqojin uzun müddətdir bir-birlərini tanıyırlar. Görünür, hansısa təminatla Belarus rəhbəri uzun illərdir tanıdığı “Putinin qəssabı”nı  telefon danışığı ilə dayandıra bildi. Halbuki danışıqlara əvvəlcə Rusiyanın iki generalı, hansı ki, biri müdafiə nazirinin müavini idi, göndərildi, amma Priqojin onları aşağılayaraq geri göndərdi. Lakin Lukaşenko ilə danışıqlardan sonra Priqojin qüvvələrini geri çəkdi.

- Qiyamın nəticəsizliyini Putinin qələbəsi saymaq olarmı?

- Düzdür, bəziləri bildirir ki, bu, Putinin qələbəsidir. Mən bunu belə saymıram. Ola bilər ki, qiyam yatırıldı, Priqojin Belarusda məskunlaşdı və s. Bəs “Vaqner” muzdlularının taleyi necə olacaq? Çünki onlar sıradan qüvvə deyil. Eyni zamanda, bu hadisə Ukrayna müharibəsinə necə təsir edəcək, bunu nəzərə almaq lazımdır. Mənə elə gəlir ki, qiyam müharibəyə Rusiyanın maraqları baxımından mənfi təsir göstərəcək.  Çünki Rusiya ordusunda ruh düşkünlüyü daha da artdı. Qərb və Ukrayna əks-həmlələri gücləndirmək üçün bu amildən istifadə edəcək. Bunu Putinin qələbəsi adlandırmaq mümkün deyil.

Ümumiyyətlə, bu hadisə ilə Putinə ciddi zərbə dəymiş oldu. Məsələ ondadır ki, “Vaqner”, Priqojin Putinin öz “məhsulu” idi, bunu özü yaratmışdı. Priqojin Putinin Peterburqdan tanıdığı köhnə dostudur. Onu Kremlə Putin gətirdi, varlandırdı, “Vaqner”i yaratdırdı. İndi isə proseslər elə gətirdi ki, dostu Putinə ağır zərbə endirəsi oldu.

- Baş verənlər Rusiyanın gələcəyi üçün nə vəd edir?

- Hesab edirəm ki, yarımçıq “Vaqner” qiyamı Rusiyada sonun başlanğıcı ola bilər. Rusiyada mərkəzdənqaçma meyillərinin güclənəcəyi gözləniləndir. Düzdür, hansısa vasitə ilə qiyamı Kreml yatırdı. Amma bu kiçik səhnənin bitişidir, tamaşa hələ davam edir. İlk baxışda belə görünür ki, problem həllini tapdı, amma daha ciddi problemlərin yarandığı göz önündədir. Kiçik problem müvəqqəti həll olundu, böyük münaqişə isə qarşıdadır.  

- Sizcə, Priqojinin taleyi necə olacaq?

- Priqojinin Belarusda məskunlaşdığı bildirilir. “Vaqner” rəhbəri Belarusa köç edə bilər, amma onun sakit dayanıb-dayanmayacağı bəlli deyil. Yəqin ki, bundan sonra “Vaqner”in ləğvi prosesi başlayacaq. Bir müddət əvvəl Putin bildirmişdi ki, muzdlular gərək Müdafiə Nazirliyi ilə müqavilə imzalasınlar. Güman ki, bu proses sürətləndiriləcək. Ola bilsin ki, Priqojinə Belarusda zəmanət verilib. Amma Belarusda onun təhlükəsizliyi problematikdir. “Vaqner” rəhbərini Belarusda öldürə bilərlər, nəzərə almaq lazımdır ki, Putin belə işləri yaxşı bilir. Priqojin təhlükə görsə, yenidən müqavimət göstərməyə çalışa bilər.   Demək olar ki, proses bitməyib. Bundan sonra Rusiya elitasında və cəmiyyətində Priqojin kimi düşünənlərin sayı çoxalacaq.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş