Xoşməramlı xidmətlərdən imtina və ya vasitəçilərsiz sülh danışıqları

Siyasət

08.11.2023 - 10:15

Sabiq nazir: "Azərbaycan vasitəçiliyin tərəfdarı deyil, ortada olan məsələlər də, Bakının mövqeyi də bəllidir"

Azərbaycan-Ermənistan sülh danışıqları faktiki olaraq dalana dirənib. Sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra rəsmi Bakı ilə İrəvan arasında rəsmi səviyyədə danışıqlar aparılmayıb, görüşlər keçirilməyib. Üç dəfə isə görüşlərdən imtina edilib. 

Məsələn, İspaniyanın Qranada şəhərində Azərbaycan və Ermənistan liderlərinin keçirilməli olan görüşü son anda Bakının imtinası ilə baş tutmadı. Azərbaycan tərəfi Fransanın danışıqlarda iştirak etməsini əsas gətirərək, Türkiyənin də masada olması tələbinin yerinə yetirilmədiyini əsas gətirərək danışıqlardan imtina etdi. Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə MDB dövlət başçılarının sammitinə qatılmaqdan imtina etdi və həmin tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş olmadı. Sonuncu dəfə isə Azərbaycan tərəfi Brüssel görüşündə iştirak etmədi. Avropa İttifaqı tərəflərin vaxt azlığı ilə bağlı görüşə gələ bilməyəcəyini elan etdi. 

Belə qənaət ortaya çıxır ki, Azərbaycan Avropa platformasında, Ermənistan isə Rusiya platformasında danışıqlarda maraqlı deyil. Ekspertlər isə hesab edirlər ki, ümumiyyətlə, Azərbaycan tərəfi danışıqların vasitəçilərsiz baş tutmasında maraqlıdır. Bununla bağlı Bakıdan müəyyən bəyanatlar da səsləndirilib. Məsələn, Prezident İlham Əliyev bu yaxınlarda Gürcüstanda səfərdə olarkən Tiflisin danışıqlar üçün yaxşı platforma olduğuna, burada Bakı ilə İrəvan arasında sülh danışıqlarının keçirilməsi üçün münbit şəraitin olmasına işarə etmişdi. Eyni zamanda, bir neçə dəfə Azərbaycan rəsmiləri tərəfindən vasitəçilərsiz danışıqların effektiv nəticə verəcəyini bildiriblər. Amma İrəvandan bu çağırışlara hələlik reaksiya yoxdur. 

Analitiklər vasitəçilərsiz görüşü Ermənistanın istəmədiyi fikrini bölüşürlər. Politoloqlar hesab edirlər ki, İrəvan havadarlarının göstərişi ilə vasitəçilərsiz danışıqlardan imtina etmək siyasətini davam etdirir. Bununla yanaşı, ekspertlər vasitəçilərsiz danışıqların daha səmərəli olduğu qənaətindədirlər. 

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov AYNA-ya deyib ki, ümumiyyətlə, Azərbaycan danışıqlardan heç vaxt qaçmayıb: 

- Sadəcə Azərbaycan onu qane edən mövzular müzakirəyə təklif olunanda görüşlərdə iştirak edir və öz mövqeyini açıq nümayiş etdirir. Görüşdən Bakı imtina edibsə, o zaman onu qane etməyən nələrsə olub. Qranada görüşündə Azərbaycan iştirakdan imtina etdi. Biz sonradan gördük ki, orada hansısa sənəd imzalanıb, Paşinyan sənədə qol çəkib və bu sənəd bizim maraqlarımıza uyğun deyil. Eyni zamanda, Azərbaycan görüşdə Türkiyənin də iştirakını tələb edib, amma bu rədd edilib. Təbii ki, Ermənistanın himayədarı Fransa bu təklifi qəbul etməyib. Azərbaycan tərəfi də imtina ilə cavab verdi. Burada anlaşılmayan, qeyri-adi nəsə yoxdur. Eləcə də Brüssel danışıqlarını götürək. Səhv etmirəmsə, Brüssel görüşü tərəflərin vaxt məhdudiyyəti səbəbindən baş tutmadı. Ola bilsin ki, həmin görüşdə də Azərbaycanı qane etməyən məsələlər müzakirəyə çıxarılacaqdı. Görüşlər belədir ki, əvvəlcədən mövzular bəlli olur, nələrin danışılacağı bilinir.  

- Belə iddialar var ki, Azərbaycan tərəfi vasitəçilərsiz görüşdə maraqlıdır...

- Əslində, Bakıya vasitəçilik lazım deyil. Ən yaxşı halda Avropa İttifaqı və ya Moskva xoşməramlı xidmətlər göstərə bilərlər. Təbii ki, Azərbaycan vasitəçiliyin tərəfdarı deyil, ortada olan məsələlər də, Bakının mövqeyi də bəllidir. Avropa İttifaqına gəlincə, Qranadadakı toplantıdan sonra təklif olunan məsələlər Bakını o qədər də maraqlandırmır. Ona görə hesab edirəm ki, xoşməramlı xidmətlərdən də imtina edilib.

Məsələ burasındadır ki, bəzi vasitəçiliyə iddialı olan oyunçular görüntü yaratmaq istəyirlər. Çünki onlar Ermənistanın tərəfindədirlər. Onlar yaxşı başa düşürlər ki, bu cür mövqeyi rəsmi Bakı qəbul etməyəcək. Amma Ermənistan ictimaiyyətinə nə qədər onları çox istədiklərini göstərmək istəyirlər. Bu, vasitəçilik yox, daxili və xarici siyasi maraqları əks etdirən davranışdır. Hansı ki, biz bunu Fransanın simasında açıq şəkildə müşahidə edirik.

- Məsələn, Gürcüstanda liderlərin təkbətək müzakirə aparması ideyası var. Tiflis platformasının perspektivi nə qədərdir? 

- Hesab edirəm ki, Tiflisdə danışıqlar variantı mümkündür və Gürcüstan mümkün platformadır. Yenə deyirəm, vasitəçiliyə ehtiyac yoxdur. İstənilən halda Azərbaycan onlayn da əlaqə saxlayıb müzakirə apara bilər. Ümumiyyətlə, rəsmi Bakı istənilən formatda danışıqlara açıqdır, yetər ki, Azərbaycanın maraqları təmin olunsun. 
Ermənistan Ru­siyanın vasitəçiliyi ilə keçirilən görüşdən imtina etdi. Moskva bununla bağlı İrəvana xəbərdarlıq xarakterli mesaj göndərib. İndi baxaq görək, İrəvanın qərarı nə olacaq. Amma məncə, vasitəçilərsiz danışıqlar, məsələn Tiflis platforması ideala yaxındır. Ermənistan indi bunu qəbul etmədiyini nümayiş etdirir. Ona görə də Tiflis platformasının perspektivini qiymətləndirmək çətindir. 

- Sizcə bu qeyri-müəyyənlikdən çıxış yolu nədir?

- Rəsmi İrəvandan sülhlə bağlı bəyanatlar verilir, Paşinyan bir daha bəyan etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və s. Amma bu bəyanatların əvvəllər də şahidi olmuşuq, nəticə isə yoxdur. Ermənistan əgər doğrudan da hər hansı bir nəticəni istəyirsə, seçim etməlidir. Azərbaycanı indi sərhədin əsas xəttinin müəyyənləşməsi, kommunikasiyaların bərpası və işğalın zərərinin ödənilməsi maraqlandırır. Burda həm siyasi-iqtisadi, həm də mənəvi məsuliyyəti Ermənistan tərəfinin görməsini istəyirik. Amma bir çox danışıqlar formatında Azərbaycanı günahkar çıxartmaq istəyirlər ki, bu, qəbuledilməzdir. İrəvan havadarlarının dediyi ilə yox, müstəqil şəkildə qərar verməlidir. 

Müəllif: Anar Bayramoğlu