Vətəndaşların polis binalarında qeydiyyatı niyə ləğv edildi – Çıxılmaz vəziyyət

Cəmiyyət

06.04.2023 - 10:15

Azər Allahverənov: “Qanunvericilikdə qeydiyyat prosesinin sadələşdirilməsi variantlarını nəzərdən keçirmək, məqbul mexanizm hazırlamaq lazımdır”

Daxili İşlər Nazirliyi (DİN) bu ilin əvvəlindən hüquqi və digər prosedurların həyata keçirilməsində çətinliklərin qarşısını almaq üçün Bakı şəhəri üzrə polis idarələrinin inzibati binalarında qeydiyyatda olan vətəndaşların qeydiyyatını ləğv edib. Bu vəziyyət hazırda heç bir qeydiyyatı olmayan bir çox vətəndaşın narahatlığına səbəb olub, onlar gələcəkdə müəyyən problemlərlə üzləşə biləcəklərindən ehtiyat etməyə başlayıblar.

Bununla bağlı bir müddət əvvəl DİN bəyanat yayaraq, vətəndaşları əmin edib ki, bu məsələlərin həllində narahatlığa əsas yoxdur. Vətəndaşların bu ərizədə qeydiyyatının ləğv edilməsi onunla əlaqədardır ki, onların bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşamalarına baxmayaraq, subyektiv səbəblərdən polisin inzibati binalarında qeydiyyatdan çıxarılmaları ilə bağlı müraciət etməyiblər.  Ancaq belə bir qərar əslində heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlara da şamil edilir.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Miqrasiya Təşəbbüsləri üzrə Avrasiya Platformasının rəhbəri Azər Allahverənov məsələ ilə bağlı AYNA-ya şərhində deyib ki, Azərbaycan reallıqlarında yaşayış yeri üzrə qeydiyyat məsələsi çox aktualdır: “Yerli dövlət idarəetmə sistemi elə qurulub ki, bir çox məsələlər birbaşa bu nüansdan asılıdır. Məsələn, İnzibati Prosessual Məcəlləyə görə, vətəndaş məhkəmələrə müraciət edərkən yaşayış yerini göstərməlidir. Təbii ki, sual yaranır: əgər vətəndaşın daimi yaşayış yeri və müvafiq olaraq qeydiyyatı yoxdursa, o zaman o, problemlərini həll etmək üçün məhkəməyə necə müraciət edə bilər?”.

“Ümumiyyətlə, ölkəmizin dövlət idarəçiliyi sistemi elə qurulub ki, bir çox hüquqi məsələlərin həlli üçün vətəndaşdan bilavasitə yaşayış yeri üzrə qeydiyyat tələb edilir. Bu tələb sosial müavinətlərin verilməsi, hərbi və pensiya qeydiyyatı və s. məsələlərdə də lazımdır. Bu, sovet dövründən qalan bir mirasdır və təəssüf ki, Azərbaycan üçün hələ də reallıqdır”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdən çıxmağın bir neçə yolu var: “1997-ci ilin yanvarından Azərbaycanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanun qüvvədədir. Bu qanuna əsasən, yaşayış yeri tam fəaliyyət qabiliyyətli şəxsin əmək müqaviləsi, icarə müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla mülkiyyətçi kimi daimi və ya üstünlük təşkil etdiyi yerdir. Buraya yaşayış binası, mənzil, inzibati yaşayış binası, yataqxana, qocalar və əlillər üçün evlər, digər oxşar yaşayış sahələri daxil ola bilər. Olduğu yer isə insanın müvəqqəti yaşadığı yerdir - mehmanxana, sanatoriya, istirahət evi, pansionat, düşərgə, turizm bazası, xəstəxana, başqa oxşar müəssisə, habelə özünə, qohumuna, tanışına və s. aid daimi yaşamadığı yaşayış sahəsi”.

“Yuxarıdakı qanuna əsasən, yaşayış yeri olmayan yaşayış sahəsinə 60 gündən artıq müddətə müvəqqəti yaşamaq üçün gəlmiş vətəndaş gəldiyi gündən 7 gün müddətində (bazar və bayram günləri istisna olmaqla) ərizə-anketi doldurub müvafiq dövlət orqanına təqdim etməlidir. Bu qurum vətəndaşı dərhal qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti işarə qoymalıdır”, - deyə Allahverənov bildirib.

Mütəxəssis qeyd edib ki, bu təcrübə çoxsaylı hüquqi proseslərə səbəb olub və bu səbəbdən 2003-cü ildə Nazirlər Kabineti DİN-ə vətəndaşların müvəqqəti qeydiyyat yeri kimi polis idarələrinin inzibati binalarının göstərilməsini tövsiyə edib: “Həmin illərdə bu təcrübə vətəndaşların üzləşdiyi problemlərin qismən həllinə kömək edirdi. Lakin 2022-ci ilin əvvəlindən vətəndaşların polis bölmələrinin inzibati binalarında müvəqqəti qeydiyyata alınması prosesi qeyri-müəyyən müddətə dayandırılıb. Hesab edirəm ki, bu hal bir çox vətəndaşların onlara verilən imkandan sui-istifadə etməyə başlaması ilə bağlıdır”.

“İndi vətəndaşlara daimi yaşayış yeri üzrə qeydiyyatdan keçmək və ya istənilən ünvanda müvəqqəti qeydiyyatda olmaq tövsiyə olunur ki, bu da hər kəs üçün mümkün deyil. Evini satan vətəndaşlar kateqoriyası var. Təbii ki, bununla yanaşı, vətəndaşlar daimi qeydiyyat yerini itirir, bir çox səbəblərdən daimi yaşayış yeri olmadan kirayə mənzillərdə qalmağa məcbur olurlar. Daimi və ya müvəqqəti qeydiyyat yeri olmayan vətəndaşlar xeyli problemlə üzləşdiyindən bu, ciddi problem yaradır. Bu hal onların narazılığına səbəb olur, ona görə ki, sosial müavinətlər, pensiyalar və qanunvericiliklə müəyyən edilmiş digər məsələlərlə təmin olunmaq üçün yaşayış yeri üzrə qeydiyyat tələb olunur və vətəndaşlar bundan keçə bilmirlər. Bu problem çox aktualdır və onun həllini tələb edir. Bundan əlavə, yeni problemlər yaradır”, - deyə müsahibimiz vurğulayıb.

Əlavə edib ki, bu vəziyyətlə bağlı hüquqi müstəvidə geniş fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni öyrənmək, qanunvericilikdə qeydiyyat prosesinin sadələşdirilməsi variantlarını nəzərdən keçirmək, məqbul mexanizm hazırlamaq lazımdır: “Hələlik bu mövzu ancaq mediada işıqlandırılır, amma məsələ öz həllini tapmalıdır. Bu prosesin bir çox iştirakçılarının maraqlarını nəzərə alaraq, bu mövzu hərtərəfli təhlil edilməlidir. Hələlik mediada gedən müzakirələri nəzərə almasaq, bu mövzu daha da inkişaf etdirilməyib”.

Allahverənov Azərbaycanda daxili miqrasiyanın həmişə intensiv xarakter daşıdığını söyləyib: “Kənd sakinləri şəhərlərə köçür və onların qeydiyyatı prosesi dövlət səviyyəsində tənzimlənməlidir. Digər tərəfdən, hazırda əhalinin erməni işğalından azad edilmiş ərazilərə qaytarılması prosesi gedir. Bu, vaxtilə qeydiyyat yerini dəyişmiş, indi isə öz doğma torpaqlarına qayıtmalı olan ölkə əhalisinin kifayət qədər böyük hissəsidir. Bu da öz növbəsində mexanizmin təkmilləşdirilməsini tələb edir ki, vətəndaşlar inzibati maneələrlə üzləşmədən qeydiyyatdan keçə bilsinlər”.

Müəllif: Asif Aydınlı