“ABŞ Rusiyaya qarşı iqtisadi və təbii ki, hərbi rıçaqlardan istifadə edə bilər”
ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini, habelə Amerika qoşunlarının Ukraynaya göndərilməsini istisna etmir. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva münaqişəni həll etməkdən imtina edəcəyi təqdirdə ABŞ qoşunlarının Ukraynaya göndərilməsi variantı Vaşinqton tərəfindən baxılacaq.
Vens qeyd edib ki, ABŞ Rusiyaya qarşı “iqtisadi və təbii ki, hərbi rıçaqlardan” istifadə edə bilər.
Vitse-prezident hesab edir ki, ABŞ və Qərbin Ukraynaya təhlükəsizlik zəmanətləri barədə danışmaq hələ tezdir. Vensin sözlərinə görə, danışıqlar zamanı bu problem, eləcə də Ukrayna və Rusiya sərhədləri məsələsi müzakirə olunacaq: "Müxtəlif formalar, konfiqurasiyalar var. Lakin bizim üçün Ukraynanın suverenliyi və müstəqilliyi vacibdir".
“The Wall Street Journal” yazır ki, Vens ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya lideri Vladimir Putini Rusiyanın döyüş meydanında deyil, danışıqlar masası arxasında özü üçün daha çox şeyə nail ola biləcəyinə inandırmaq planları barədə də məlumat verib. Pentaqon rəhbəri Pete Heqsetin Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmağın qeyri-real olduğu barədə açıqlamasına münasibət bildirən Vens Trampın danışıqların gedişindən asılı olaraq fikrini dəyişə biləcəyini deyib.