Təyyarə havada hərbi helikopterlə toqquşub
Amerika Hava Yollarına məxsus təyyarə Ronald Reyqan Vaşinqton Beynəlxalq Hava Limanında havada hərbi helikopterlə toqquşub. Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub. AYNA xarici mediaya istinadən bildirir ki, təyyarələr Potomak çayına düşüb.
CBS telekanalı hadisə yerində olan polis əməkdaşına istinadən xəbər verir ki, 18 cəsəd sudan çıxarılıb və bir nəfər də olsun sağ qalan tapılmayıb. Hələlik rəsmi təsdiq yoxdur.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “Bombardier” CRJ700 təyyarəsinin Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona planlı uçuş etdiyini bildirib. O, hərbi “Black Hawk” helikopteri (Sikorsky H-60) ilə toqquşub.
“Reuters” xəbər verir ki, helikopterin göyərtəsində üç hərbçi olub. Onların da taleyindən hələlik məlumat yoxdur.
Pentaqon qısa açıqlama verərək, təyyarə ilə toqquşan helikopterin Virciniya ştatındakı Fort Belvoir şəhərindən olan ordu helikopteri olduğunu təsdiqləyib.
Ronald Reyqan Beynəlxalq Hava Limanı Ağ Evdən və Kapitolidən təxminən dörd kilometr cənubda yerləşir.
ABŞ Prezidenti Donald Tramp qəza və xilasetmə əməliyyatı ilə bağlı tam məlumat aldığını bildirib.
5342 saylı reys “American Airlines”ın törəmə şirkəti “PSA Airlines” tərəfindən həyata keçirilib. Helikopter pilotları təlim uçuşu həyata keçirirmişlər.