Vaşinqton “döyüşü” bitdi: nəticələr uğurlu-uğursuz və həmlə sırası Moskvada

Siyasət

05.05.2023 - 18:10

Analitik: “ABŞ-da keçirilən görüşdə konkret nəticələrin əldə edilməməsi Rusiya üçün yeni fürsətlər yaradır”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və vasitəçiliyi ilə keçirilən 4 günlük sülh danışıqları dünən yekunlaşdı. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) danışıqlarla bağlı yaydığı məlumatda bildirir: “1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər”.

“Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Hər iki nazir Ermənistan ilə Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər”, - deyə XİN-in məlumatında qeyd edilib.

Ötən gün nazirlərlə görüşən Blinken yekun mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Dövlət katibinin sözlərinə görə, Azərbaycan və Ermənistan ABŞ-də keçirilən danışıqlarda davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib: “Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib. Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik”.

Nazirlərin sülh danışıqları ilə bağlı AYNA-nın suallarını analitik Asif Nərimanlı cavablandırıb. Siyasi şərhçinin sözlərinə görə, görüşdə ciddi nəticələrin əldə edilməsindən danışmaq çətindir:

- Halbuki, danışıqların 4 gün davam etməsi və Laçın postunun qurulmasından sonra kommunikasiyanın hansı məntiqlə açılmasındakı fikir ayrılığının müəyyən qədər də olsa aradan qalxacağı perspektivi fonunda ümidlər böyük idi. Lakin açıqlamalar göstərir ki, razılaşdırılmayan məqamlar daha çoxdur. Bu görüşü ümumi olaraq “Vaşinqton prosesi”nin başlanğıcı hesab etmək mümkündür. Buna qədər “Moskva prosesi”nə alternativ kimi Qərbdə “Brüssel formatı” işləyirdi. Lakin Fransanın Avropa İttifaqında mövcud sədrliyi dövründə Brüssel formatını ələ almaq istəyi rəsmi Parisin ermənipərəst mövqeyi fonunda “Moskva prosesi”nə alternativin də risk altına düşməsi ilə nəticələnmişdi. Bu baxımdan, “Vaşinqton prosesi”nin başlanması ümumilikdə müsbət nəticədir. Hərçənd, 4 günlük danışıqların konkret nəticələrindən danışmaq hələ tezdir.

Görüşdən iki nəticənin çıxdığı görünür: birincisi, sülh müqaviləsi ilə bağlı “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi qəbul olundu, bu, o deməkdir ki, artıq masada konkret sənəd var. İkincisi, tərəflər təmasların davam etdirilməsinə razılaşdı. Ümumilikdə isə “Vaşinqton prosesi”nin praktiki olaraq başlanmasını nəticə saymaq olar.

- Rəsmi Bakının və Blinkenin açıqlamalarında hansı nüanslar diqqətçəkəndir?

- Blinken ciddi irəliləyişdən bəhs edir. Əslində prosesin moderatoru kimi belə fikirlər səsləndirmələri gözləniləndir. Çünki 4 günlük görüşün nəticəsizliyi haqda danışmaq ABŞ-ın nüfuzuna xələl gətirir. Lakin Azərbaycan və Ermənistan XİN-in rəsmi açıqlamaları fikir ayrılığının daha çox olduğu ehtimalını ön plana çıxarır. Qeyd olunur ki, razılaşdırılmayan maddələr var. Bu maddələrin nələr olduğu haqda fikir yürütmək mümkündür.

Birincisi, Qarabağdakı ermənilərlə bağlıdır. Bakı erməni əhalisi ilə təmaslar məsələsinin sülh sazişinə daxil edilməsinə iczə vermir, bu mövqe ABŞ-da da qəbul olunur, İrəvan isə bunun əksini istəyir. İkincisi, İrəvan “Bakı-Xankəndi format”nın yaradılmasını, bununla separatçıları “tərəfə” və erməni əhalisinin “təmsilçisinə” çevirmək niyyətindədir. Üçüncüsü, sərhədin delimitasiyası prosesində 8 kəndin – Qazağın 7 kəndi və Kərki ilə bağlı fikir ayrılığı var. Rəsmi açıqlamalardan da görünür ki, razılaşdırılmayan məqamlar razılaşdırılan məqamlardan daha çoxdur.

- Azərbaycan XİN-in açıqlamasında belə bir cümlə var ki, “ikitərəfli sülh sazişi layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib”. Sizcə, razılaşdırılan detallar hansılar ola bilər?

- Fikrimcə, razılaşdırılan məsələ dialoqun davam etdirilməsidir. İctimaiyyətə açıqlanmayan məqamların olduğunu düşünmək olardı, hərçənd, görüşdən öncə Əliyev və Paşinyanın verdiyi açıqlamalar bu nüansı sual altına salır. Prezident Əliyev Şuşada çıxışı zamanı bildirdi ki, Vaşinqton görüşündən gözləntiləri azdır, çünki Ermənistan ərazi iddialarından əl çəkmir, separatizmə dəstəyi davam etdirmək niyyətindədir. Paşinyan da Praqada bəyan etdi ki, razılaşdırılmayan məqamlar var. Bu, Vaşinqton görüşündə gizli saxlanılan məqamların olması ehtimalını azaldır. O baxımdan, razılaşdırılan məsələnin təmasların davam etdirilməsi, o cümlədən, sülh layihəsinə rəsmi adın verilməsi olduğu fikri daha güclüdür.

- Paşinyan iyunun 1-də Kişinyovda sülh sazişinin imzalana biləcəyini anons etdi. Bu, mümkündürmü?

- Əslində bunu Ermənistan tərəfinin oyunu adlandıra bilərik. Necə olur ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürən və Vaşinqton danışıqlarında əsas müddəalar üzrə razılaşmayan Ermənistanla iyunun 1-də sülh sazişinin imzalanması imkanı olsun?! Bu, ilk öncə Vaşinqtonda gizli razılaşmanın olduğu versiyasına diqqət çəkir, hərçənd, yuxarıda da qeyd etdiyim məqamlar bu versiyanı zəiflədir. O cümlədən, Paşinyan “1 iyun” tarixini ABŞ-dakı danışıqların yekun nəticələri açıqlanmamışdan öncə elan etmişdi. Bu baxımdan, 1 iyun məsələsi İrəvan və Parisin birgə planı kimi görünür. Çünki 1 iyunda Moldovada Azərbaycan və Ermənistan liderlərinin görüşünün ola biləcəyini Fransa açıqladı. Fransa xarici işlər nazirinin regiona səfəri də buna hesablanmışdı və beləliklə, rəsmi Paris Vaşinqton və Moskva prosesinə paralel olaraq, özünün vasitəçilik etdiyi prosesi yaratmağa çalışır. Bu, Fransanın regional və geosiyasi maraqları üçün lazımdır.

Lakin bu üç format arasında Azərbaycanın əleyhinə olaraq, Ermənistanın maraqlarını təmin edə biləcək əsas platforma məhz “Paris prosesi” hesab oluna bilər. Söhbət həm İrəvanın sərhəd planına nail olması, həm də Qarabağdakı separatçıların dəstəklənməsindən gedir. İrəvanın Vaşinqtonda razılaşmamasının arxasında, böyük ehtimalla, bu məqam dayanır və belə görünür ki, bu, Parislə İrəvanın birgə planıdır. O baxımdan, 1 iyun tarixi sual altındadır, çünki rəsmi Bakının buna razı olmayacağı ehtimalı daha böyükdür.

- Rusiyanın gedən proseslərə münasibəti maraqlıdır. Hər dəfə Rusiyanın patronajlığından kənarda danışıqlar getdiyi zaman sərhəddə və Qarabağda təxribatları müşahidə edirik. Bu dəfə də təxribat gözləniləndirmi?

- Vaşinqtonda konkret nəticələrin əldə edilməməsi Moskva üçün yeni fürsətlər yaradır. Təxribatlardan daha çox, diplomatik müstəvidə təzyiqin olması gözləntisi var. Rusiya üçtərəfli razılaşmaların icrasında israr edəcək, lakin mümkündür ki, bu razılaşmalara müəyyən korrektələr edilsin, yaxud praktiki icrası müəyyən dəyişiklər çərçivəsində baş tutsun. Çünki Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsini yaratması üçtərəfli razılaşmalarla bağlı da yeni situasiya yaratdı və Ermənistana imkan verdi ki, Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılması, yəni sərhəd-keçid məntəqəsi qurması tələbini irəli sürsün.

Sülh sazişi önündəki əsas maneə, eləcə də kənar güclərin – Qərbin bölgəyə müdaxilə edə bilməsinə şərait yaradan amillərdən biri də budur. Mümkündür ki, Moskva üçtərəfli razılaşmaları yeni redaksiyada təklif etsin, yaxud icrasını şifahi redaktələr üzərindən aparsın. Azərbaycanın Laçın postu qəbul edilir, buna paralel olaraq, Zəngəzur dəhlizində Ermənistanın da istəklərinin nəzərə alındığı ortaq nöqtələr tapılır. Əslində irəliləyiş üçün çıxış yolu belə görünür və Moskvada bunun gündəmə gəlməsi gözləntisi az da olsa mövcuddur.

Müəllif: Anar Bayramoğlu