ÜST rəsmisi: “Qarşıdakı üç ay çox kritikdir”

Aktual

16.12.2020 - 12:10

Hande Harmancı: “Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir”

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı virtual mətbuat konfransında ölkəmizdə koronavirusa yoluxma səviyyəsindən danışıb.

 

AYNA-nın xəbərinə görə, Harmancı bildirib ki,  oktyabr ayının ortalarından etibarən Azərbaycanda koronavirusa yoluxma sürətli şəkildə artdı: “Amma son 10 gündə yoluxma sayının stabilləşdiyi görünür. 4 min civarında gündəlik yoluxma qeydə alınır. Karantin rejimi insanları yoluxdurmadan qorumaq üçündür. Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir. Bu zaman rəqəmlər aşağı enəcək. Yoluxma sayının artımının səhiyyə üzərində yaratdığı gərginliyi azaltmaq lazımdır”.

 

“Xəstəxanalarda boş yataq olmazsa, xəstələr evdə müalicə alarsa və oksigenə əlçatımlılıq olmazsa, ölə bilərlər. Bunu azaltmaq üçün tək yol insanların bir yerə toplaşmasına mane olmaqdır. Qarşıdakı üç ay çox kritikdir. Peyvəndləmə başladıqdan sonra yoluxma sayı azalacaq. Vaksinasiya başlayana qədər səbrli olmalıyıq”, - ÜST rəsmisi bildirib.

Müəllif: Ayna.az