ÜST-nin müraciəti niyə təhrif olunur – <font color=red> Hökumətin karantin sevdası</font>

Cəmiyyət

25.08.2020 - 15:42

Əgər hökumətə karantin rejimi tətbiq etmək sərf edirsə, bunun üçün Hande Harmancını yalanlarına ehtiyac yoxdur

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edib ki, daha karantin rejimi tətbiq edilməsin. Təşkilatın baş epidemioloqu karantin rejiminin tətbiq edilməsinin yolverilməz olduğunu vurğulayıb.

 

Nəhayət, dünyanın səhiyyəsindən səlahiyyətli olan bu təşkilat da anladı ki, karantin rejiminin tətbiq olunması insanları xəstəliyin yayılmasından qorumur. Hələ karantin məsələlərinin yenicə başladığı vaxtlarda norveçli həkimin dediyi kimi, əksinə, evə qapanmış, təmiz havadan, hərəkət etməkdən, gün işığından məhrum qalmış insanların immun sistemi zəifləyir və nəticədə koronavirusla bərabər daha ciddi xəstəliklərə düçar olurlar. Dövran dolandı gəldi həmin həkimin dediyi həqiqəti...

 

Yerli telekanallarda isə Təşkilatın bu müraciəti təhrif edildi. ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı televiziya kanallarına verdiyi müsahibədə bildirib ki, ÜST dövlətlərin ümumi karantin rejimi tətbiq etməsini yolverilməz hesab etsə də, daha kiçik miqyasda, kənd, qəsəbə, rayon daxilində karantin rejimləri tətbiq etməyi hələ də tövsiyə edir.

 

Qəribədir ki, bu barədə dünya mediasında heç bir məlumata rast gəlinmədiyi halda, Hande Harmancı Azərbaycan mediasına ÜST-nin adından belə bir tövsiyəni çatdırır. Həmin Hande Harmancı ki, işinin ən qızğın vaxtında, dünya səhiyyəsinin xaosa büründüyü pandemiya şəraitində, ölkədə karantin rejiminin sərt zamanında, rayonlararası gediş-gəlişin qadağan edildiyi vəziyyətdə, mənzərəli guşələrimizdə şəkil çəkdirib əyləncə sevincini Azərbaycan xalqı ilə bölüşürdü. Ondan bir gün əvvəl isə Azərbaycan xalqına üzünü tutub evdə qalmağı, çölə çıxmamağı, karantin rejiminin qaydalarına riayət etməyi məsləhət görmüşdü.

Hande Harmancı sosial şəbəkədəki paylaşımlarına görə üzr istədi

Ölkəni el-el, oba-oba gəzib əylənən Hande Harmancıdan soruşmaq lazımdır ki, ÜST bütün dünyaya sadəcə “karantin tətbiq etmək yolverilməzdir” dediyi halda, Azərbaycana xəbər göndərib ki, bizdə bölgə-bölgə karantin tətbiq etmək lazımdır? Niyə bizi dünya dövlətlərindən ayrı tuturlar? Avropadan, Amerikadan, başqa inkişaf etmiş ölkələrdən nəyimiz əksikdir ki, bizə xüsusi tövsiyələr göndərilir və hələ də bölgə-bölgə karantin tətbiq etməyimizi tövsiyə eidirlər?

 

Əgər, belə deyilsə, yəni biz ÜST-nin gözündə dünya dövlətlərindən ayrı mövqeydə deyiliksə, ÜST-nin müraciəti bütün dövlətlərə şamil edilibsə, bu, o deməkdir ki, Hande Harmancı bizi aldadır. Yaxud, Hande Harmancını kimlərsə öyrədib ki, bizim hələ də karantin tətbiq etməyimizin lazım olduğuna işarə etsin. Kimin başqa variantı varsa, desin, mənim ağlıma bundan başqa nəsə gəlmədi.

 

Həm də Hande Harmancının sözlərinə inanmaq sadəlövhlük olar. Məsəli bizdən iraq, eşşək hansı yolda palçığa batırsa, ikinci dəfə o yoldan getmir. Hande Harmancı da bir dəfə bizə “evdə qalın” deyib, özü “National Geographic” verilişlərinin aparıcıları kimi təbiət qoynunda keyf çəkib. İndi də ÜST-nin dünyaya müraciətinə kimlərinsə göstərişi ilə əlavələr edib ictimaiyyətə yalan danışır.

 

Əgər hökumətə karantin rejimi tətbiq etmək sərf edirsə, bunun üçün Hande Harmancını yalanlarına ehtiyac yoxdur. Onsuz da xalq öz taleyi ilə barışıb. İtirə-itirə bu günlərə gələn və daha itirməyə nəyisə qalmayan bir toplumun karantin qorxusu yoxdur. Məsəl var, nə istəyirsənsə onu de, sözü uzadıb Allahın verdiyi vaxtı da əlimdən alma.

Müəllif: Bünyamin