S-400 “Triumph” hava hücumundan müdafiə raket sisteminin mövqelərinə zərbə endirilib
9 avqust gecəsi Ukrayna dronları Krasnodar diyarının Gelendcik şəhərindəki S-400 “Triumph” hava hücumundan müdafiə raket sisteminin mövqelərinə zərbə endirib. Sistem Qara dəniz sahilindəki "Putin Sarayı" yaxınlığında yerləşirdi.
AYNA.AZ-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi hücum barədə “Telegram” kanalında məlumat verərək qeyd edib ki, S-400 bir gün əvvəl, 8 avqustda altı raket atıb.
Brovdi yazıb: "Gelendcikdəki sahildə, katakombaların düz yanında yerləşən S-400 mövqeyi üç saat yanıb".
Komandirin sözlərinə görə, S-400-dən əlavə, 9 avqust gecəsi daha dörd Rusiya hava hücumundan müdafiə obyekti vurulub. Bunlara Rostov vilayətindəki Pudovoy kəndi yaxınlığındakı “Tor” zenit-raket sistemi, Krasnodar vilayətindəki Eyskdə “Pantsir-S1” zenit-raket və top sistemi, Rostov vilayətindəki Qolovatovkada “Podlet-K1” radar stansiyası və Rostov vilayətindəki Latonovoda “Kasta 2E2” radar daxildir.
Brovdi həmçinin Qara dənizdə Rusiya "kölgə donanmasına" məxsus üç gəminin - bir neft tankerinin və iki yük daşıyıcısının məhv edildiyini bildirib.
Qeyd edək ki, “Putin Sarayı” kimi tanınan kompleks 17.700 kvadrat metr ərazini əhatə edir və Qara dəniz sahilində, Gelendcikdən təxminən 20 kilometr məsafədə yerləşir.