Türkiyə Parlamentinin üzvündən əsassız ittihamlar - <font color=red> MƏNTİQ ÖLÜB</font>

Siyasət

16.08.2020 - 10:35

“Türkiyə Böyük Millət Məclisi hələ illər əvvəl bu addımı dəstəkləyən qanunlar qəbul edib”

 

Erməni mediası çox maraqlı bir xəbəri böyük həvəslə yaydı - Türkiyə Parlamentinin erməni deputatı Karo Paylyan, bu yaxınlarda Beyruta səfəri zamanı ölkəsinin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Livanda səfərdə olarkən, özünü türk və ya türkmən adlandıran hər kəsin Türkiyə vətəndaşlığını alacağı ilə bağlı verdiyi açıqlamanı sərt tənqid etdi. Erməni əsilli millət vəkili, kürdlərin Xalqların Demokratiyası Partiyasının üzvü Paylyan nazirin açıqlamasını "irqçilik" adlandırdı.

 

Livan paytaxtının limanında partlayışdan sonra Beyrutu ziyarət edən Çavuşoğlu, "Özlərini türk adlandıran livanlılar Türkiyə vətəndaşlığını alacaqlar. Bu, ölkə Prezidentinin sərəncamıdır" demişdi. Paylyanın sözlərinə görə, “Livanda bir çox xalqların nümayəndələri yaşayır və bu irqçi bəyanat geniş ictimaiyyətin reaksiyasına səbəb oldu”.

 

Paylyan, Türkiyənin Xarici İşlər nazirinə aşağıdakı suallarla müraciət etdi:

 

1. Multikultural Beyrutda irqçiliyin təzahüründən utanmırsınız?

2. Türkiyə yalnız türk millətçiləri üçün bir ölkədir?

 

Türkiyənin “Bianet” qəzetinin verdiyi xəbərə görə, Paylyan sorğusunu bu sözlərlə tamamlayıb: “Xarici siyasətinizin tragikomediya olduğunu görmədinizmi? Türkiyə yalnız türk tayfalarının respublikasıdırmı?”

 

Görəsən, irqçiliyin Çavuşoğlunun bəyanatı ilə nə əlaqəsi var? Türklər, ərəblər (Livan əhalisinin əsas hissəsini təşkil edənlər) və ermənilər eyni irqə mənsubdurlar. İkincisi, Paylyanın fikrincə, Çavuşoğlunun çıxışı necə səslənməli idi? Belə çıxır ki, Livanın çoxmillətliliyi prinsipindən irəli gələrək, Livan Respublikasının bütün vətəndaşlarını Türkiyə Cümhuriyyətinin vətəndaşlığını qəbul etməyə dəvət etməli, ya da susmalı idi? Olduqca qəribə bir iddiadır, elə deyilmi?

 

KİV-in Ermənistan Baş Nazirinin müavini Tiqran Avinyana istinadən verdiyi məlumata görə, son bir neçə gündə Beyrutdan İrəvana təyyarə reysləri ilə 100-dən çox livanlı erməni çatdırılıb. Və heç kim Çavuşoğlunun həmkarı Zohrab Mnatsakanyandan Livanın bütün qeyri-erməni millətlərinin nümayəndələri üçün orada vətəndaşlıq almaq çağırışını eşitməyib.

 

Paylyan Ermənistan vətəndaşı omasa da, dedikləri erməni xislətinin bir göstəricisidir. Görəsən, Ermənistana təkcə Livan erməniləri deyil, həm də partlayışdan əziyyət çəkən müsəlman ərəblər də qaçsaydılar, Ermənistan vətəndaşları bundan məmnun qalacaqdılarmı?

 

Mövzunu AYNA-ya şərh edən Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) direktoru Eldar Zeynalov erməni əsilli millət vəkilinin məlumatsız olduğunu deyib: “Mən cənab Paylyanın məlumatsızlığının səbəblərini mühakimə etməyə borclu deyiləm, onun da üzvü olduğu Türkiyə Böyük Millət Məclisi (TBMM) hələ 2006-2009-cu illərdə Türkiyə vətəndaşlığı ilə əlaqəli və Çavuşoğlunun sözügedən ifadəsinin mahiyyətini dəstəkləyən bir sıra sənədlər qəbul etmişdi. Bunların arasında Türkiyə Cümhuriyyətinin “Vətəndaşlıq Qanunu” (2009) və Türkiyə Cümhuriyyətində “Yaşayış Qanunu”nu (2006) qeyd edirəm. “Vətəndaşlıq Qanunu”, əsasən "qan hüququ" prinsipinə əsaslanır: Türkiyədə və ya xaricdə Türkiyə vətəndaşlarından doğulmuş, həmçinin övladlığa qəbul edilən uşaqlar da Türkiyə vətəndaşlarıdır. Bununla birlikdə, bu qanunun 12-ci maddəsi Türkiyə vətəndaşlığına türk mənşəli immiqrantların da qəbul edilməsi imkanını təmin edir. Bu cür mühacirlərin Türkiyə vətəndaşlığına qəbul edilməsi qaydası “Köçürmə haqqında” Qanunda təsvir edilib”.

“Beləliklə, cənab Paylyanın yersiz ironiyası, xüsusilə də vətəndaşlıqla bağlı oxşar qanunların Ermənistanda mövcud olması səbəbindən 14 il gecikib. Ermənistan Respublikası Konstitusiyasının 11.3-cü maddəsində göstərilir ki, “milliyətcə erməni olanlar sadələşdirilmiş qaydada Ermənistan Respublikasının vətəndaşlığını əldə edirlər”. Paylyanın məntiqindən belə çıxır ki, Ermənistan vətəndaşlığını əldə etmək istəyən digər millətlərdən olan insanlar "irqçi" şərtlərə riayət etmək zorundadırlar - məsələn, qanunun tələbinə görə, Ermənistan ərazisində ən azı 3 il yaşamalıdırlar. Lakin, siyasi reallıq tələb edən zaman bu qanun yaddan çıxır və bir əcnəbi Ermənistan vətəndaşlığına geri tarixlə alına bilər”, - müsahibimiz bildirib.

 

O, fikrinə misal da gətirib: “Məsələn, Dağlıq Qarabağda yaşayan, yalnız 1997-ci ilin martında Ermənistana köçən Azərbaycan vətəndaşı, Robert Köçəryan 1998-ci ilin martında orada Prezident seçildi. Ermənistan Konstitusiyasının 50-ci maddəsində Prezident olmaq istəyən şəxs ən azı 10 il bu ölkənin vətəndaşı olmalı idi. Köçəryan isə, dediyim kimi, Ermənistnada cəmi 1 il yaşamışdı. Ermənistan Konstitusiya Məhkəməsinin istinad etdiyi 1 dekabr 1989-cu il tarixli Ermənistan və "Dağlıq Qarabağ" ilə bağlı məlum “miatsum” qərarına görə, Köçəryanın hipotetik erməni vətəndaşlığı 8 ildən bir qədər çox olurdu”.

 

““İrqçiliyin qurbanı” olan qeyri-türk livanlılara qayıdaraq, qeyd etmək istərdim ki, Türkiyə vətəndaşlığına aparan yol onlar üçün də açıqdır. Amma, fikrimcə, onlar Avropa İttifaqının daha çiçəklənən ölkələrinə olan qızğın sevgilərini Türkiyəyə dəyişməyəcəklər. Vətəndaşlıq almaq üçün Türkiyəyə 250.000 dollardan çox bir investisiya yatıra bilərsiniz, bir Türkiyə vətəndaşı ilə evlənə və ya ərə gedən bilərsinin, övladlığa götürülə, 5 il iş vizası ilə işləyə bilərsiniz və s. Yəni, istək olarsa, bu qapı bütün livanlılara açıqdır”, - Zeynalov vurğulayıb.

Müəllif: Rauf Orucov