Vüqar Bayramov: “Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən olub”
“Noyabrın 8-də işğaldan azad edilən, qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub. Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqənib. Ötən əsrin əvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə də xüsusi iqtisadi potensial malik olduğunu göstərir. 20,9 min hektar yararlı torpağı olan Şuşada kənd təsərrüfatında heyvandarlıq daha çox inkişaf edib”.
AYNA xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Deputatın sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ildə Şuşada 14 milyon 88 min manatlıq məhsul istehsal olunub: “Bunun əsas hissəsi kənd təsərrüfatı məhsullarının payına düşüb. 1992-ci ildə, Şuşa işğal olunmamışdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada, eyni zamanda, inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi”.
“Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Bu zona Laçın yolunun üstündə və Daşaltı çayının yaxınlığında yerləşir. Turşsu müalicəvi vannaları ilə də məşhur idi. Füsunkar gözəlliyi ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında "Xarı bülbül" mahnı festivalları keçirilirdi. Göründüyü kimi, Şuşa kifayət qədər iqtisadi potensiala malikdir və Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, həyat və gülüş çox qısa zamanda Azərbaycanın bu qədim şəhərinə də qayıdacaq”, - deyə deputat qeyd edib.