Tramp Ukraynaya dəstək müqabilində İrana yardım barədə Avropa liderləri ilə razılığa gəlib
G7 sammitində ABŞ Prezidenti Donald Tramp Ukraynaya dəstək vədi müqabilində İranla bağlı vəziyyətdə yardım barədə Avropa liderləri ilə razılığa gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” avropalı diplomatlara istinadən məlumat yayıb.
Nəşrin danışıqlarda iştirak edən mənbələrinə görə, Tramp həmkarlarına təzyiq göstərərək, ABŞ vitse-prezidenti C.D.Vensi Tehranla razılaşma bağlamaq üçün Cenevrəyə gəlməzdən əvvəl İranla razılaşmanı dəstəkləməyə və Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə çağırıb.
Bildirilib ki, Amerika lideri Avropa yardımının əhəmiyyətini azaldıb və "çoxlu köməyə ehtiyac olacağı ehtimalının az olduğunu" söyləyib, lakin bağlı qapılar arxasında ABŞ Prezidenti İran sazişi ilə bağlı həm siyasi, həm də maddi dəstək istəyib.
Nəşrin mənbəsi deyib ki, "əvəzində Ukrayna üçün nəsə etmək lazımdır. Hamı ondan Ukraynanı dəstəkləməsini gözləyir. O liderlərə məhz bunu deyib".
Buna cavab olaraq, G7 liderləri müəyyən şərtlər altında kömək etməyə hazır olduqlarını bildiriblər.
Fransa Prezidenti Emmanuel Makron mina təmizləmə gəmilərinin yerləşdirilməsini razılaşmanın tərəfləri olan ABŞ, eləcə də İran və Oman tərəfindən təsdiqlənməli olduğunu vurğulayıb.
Daha əvvəl geosiyasi məsələlərlə bağlı birgə bəyanatda G7 liderləri ölkələrin Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmaq istədiklərini və Ukraynaya uzun mənzilli sistemlərin tədarükünü artıracaqlarını açıqlamışdılar.