"Prezident Trampla çox yaxşı görüşümüz oldu. O, bizə lisenziya verməyə razı oldu"
ABŞ Prezidenti Donald Trampın Kiyevə Ukraynada “Patriot” raketlərinin istehsalı üçün lisenziya verməyə razı olub. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”a açıqlamasında bildirib.
Zelenskinin sözlərinə görə, bu, ölkənin Amerika ehtiyatlarından asılılığını azaltmağa imkan verəcək.
"Prezident Trampla çox yaxşı görüşümüz oldu. O, bizə lisenziya verməyə razı oldu", - deyə Zelenski bildirib.
Ağ Ev hələlik razılaşmanı rəsmi olaraq təsdiqləməyib. Tərəflər əvvəllər Türkiyədə keçirilən NATO sammiti çərçivəsində bu ehtimalı müzakirə etmişdilər.
"Düşünürəm ki, biz bu razılaşmanı əldə edəcəyik. Sizə "Patriot" istehsalı üçün lisenziya verəcəyik", - deyə Tramp Zelenski ilə son görüşündən sonra bildirib.
"Patriot" tutucu raketləri Rusiyanın ballistik raketlərinə və enerji infrastrukturuna edilən hücumlara qarşı müdafiə üçün çox vacib hesab olunur. Zelenskinin sözlərinə görə, Ukraynanın bu raketlərin ehtiyatları olduqca azdır: ““Patriot” tutucu raketlərinin istehsalı məhduddur. RTX (əvvəllər "Raytheon") ildə təxminən 500 "Patriot PAC-3 MSE" tutucu raketi istehsal edir. Lakin bu tutum Pentaqon və ABŞ müttəfiqlərinin yüksək tələbləri səbəbindən kifayət deyil”.
Lisenziya almaq sürətli kütləvi istehsala imkan verməyəcək. Zelenski bildirib ki, genişmiqyaslı istehsalın başlanması bir ildən beş ilə qədər vaxt apara bilər. Trampla görüşdükdən sonra o, həmçinin RTX və “Lockheed Martin” nümayəndələri ilə danışıqlar apardığını açıqlayıb. Görüşlərdə istehsalın sürətləndirilməsi yolları müzakirə olunub.
Zelenski Trampla münasibətlərinin daha konstruktiv hala gəldiyini qeyd edib: “Münasibətlərimiz daha yaxşı və daha konstruktivdir. Artıq əvvəlki kimi emosional deyillər. Və düşünürəm ki, vəziyyətin yaxşılaşması yaxşıdır”.