Tovuz cinayətində ipucu: "Ciddi faktlar var, amma istintaq onları açıqlaya bilmir"

Cəmiyyət

16.01.2020 - 19:32

Əliməmməd Nuriyev: "Nərminin ailəsinin təhülkəsizliyinə təminat verməklə bağlı hər hansı bir problem yoxdur"

 

Nərmin Quliyeva cinayəti ictimailəşəndən dərhal sonra sosial şəbəkə istifadəçiləri tərəfindən hadisə ilə bağlı fərqli iddialar, qatilin kimliyi barədə müxtəlif ehtimallar səsləndirildi, fərqli şəxslər qətli törətməkdə ittiham olundu. Hətta Nərminin qətlində şübhəli bilinən şəxsin saxlanılmasına baxmayaraq, bu ittihamlar, ehtimallar səngimədi. Nədənsə, cəmiyyətin müəyyən hissəsi hələ də qətlin İlkin Süleymanov tərəfindən törədilməsinə inanmır.

 

Dünən Nərminin anasının ölkə başçısına, ailəsinə Bakıda ev verilməsi üçün müraciət etməsi isə cəmiyyətdə yeni fikirlərin formalaşmasına səbəb oldu. Belə ehtimal olunur ki, ana əsl qatilinin kim (və ya kimlər) olduğunu bilir və ailəsini qurtarmaq üçün rayondan qaçmağı düşünür. Hadisə ilə bağlı ilkin ehtimallardan birinin də “qisasçılıq amili” olması isə bu iddianı daha da gücləndirir.

 

Hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun (KAF) rəhbəri Əliməmməd Nuriyev AYNA-ya açıqlamasında Nərmin Quliyeva cinayəti ilə bağlı səsləndirilən ehtimalları şərh edib.

Картинки по запросу əliməmməd nuriyev

Onun sözlərinə görə, cəmiyyətdə bir sıra hallarda dövlət orqanlarının bəzilərinə inam və etibarda müəyyən problemlər mövcuddur: “Bir sıra hallarda sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, haqlı olub-olmamasından asılı olmayaraq, kütləvi şəkildə hər kəs istənilən istintaq işi, baş vermiş cinayət hadisəsi ilə bağlı öz versiyalarını irəli sürməklə, bu və ya digər formada təzyiq, təsir üsullarından istifadə etməyə çalışır. Hesab edirəm ki, bu, yanlış yanaşmadır, əslində, hüquq-mühafizə orqanlarını daim təzyiq altında saxlamaqdır. Bu da məsələnin obyektiv araşdırılmasına bir sıra hallarda kölgə sala, şübhələr yarada bilər. O baxımdan bir qədər səbrli olmalıyıq”.

 

“Əgər hüququn aliliyini istəyiriksə, hər şeydən əvvəl təmkinli yanaşma olmalıdır. Müxtəlif versiyalar irəli sürməklə hüquq-mühafizə orqanlarını bu qədər təzyiq altında saxlamaq olmaz. Başa düşürəm, ağır cinayət hadisəsidir. Amma biz hüquq-mühafizə orqanlarının sərbəst şəkildə işləyə bilməsinə, qətlin əsas günahkarlarının aşkara çıxarılmasına imkan yaratmalıyıq. Nərmin cinayəti ilə bağlı konkret şəxs həbs olunub, müəyyən istintaq işləri gedir, müstəntiqi və istintaq qrupunu təzyiq altında saxlasaq, düzgün qərarlar qəbul etməzlər”, – deyə hüquqşünas qeyd edib.

 

Ə.Nuriyev Nərminin anasının ev istəməsindən sonra irəli sürülən ehtimallara da aydınlıq gətirib: “Bəzi hallarda zərərçəkmişin yaxınları geniş hay-küy salmaqla müxtəlif imtiyazlar əldə etməyə çalışırlar. Nərminin anasının evlə bağlı müraciəti məni təəccübləndirdi. Övladdan şirin heç nə ola bilməz, belə halda onun analıq hissini də şübhə altına almağa başlayıram. Əgər ana qatilin kim olduğunu bilirsə, bunu çəkinmədən deməlidir. Bu gün elə bir situasiya mövcud deyil ki, hər hansı bir şəxs kimisə, xüsusilə də qətlə yetirilmiş şəxsin ailə üzvlərini daimi təzyiq altında saxlasın. Bu, mümkün olan iş deyil. O ailənin təhülkəsizliyinə təminat verməklə bağlı hər hansı bir problem yoxdur. Əgər belə təhlükə varsa, elə biz - vətəndaş cəmiyyətinin nümayəndələri də o ailənin tam təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verə bilərik. Əgər ananın deməyə çəkindiyi nələrsə varsa, gəlsin, təfsilatı ilə danışsın, biz birbaşa hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edək”.

Müsahibimizin sözlərinə görə, Nərminin ailəsinin həyatına real təhlükə varsa, hüquq-mühafizə orqanlarına, Baş Prokurorluğa müraciət etmək olar: “Qanunvericiliyə görə, şahidin və zərərçəkmişin təhlükəsizliyinin qorunması onların borcudur. Digər tərəfdən, bu cinayət işi Prezidentin xüsusi nəzarətindədir. İstintaqa xüsusi biliklərə malik olan, ixtisaslaşmış peşəkarlar cəlb olunub. Yəni cinayət işinin obyektiv aparılması ilə bağlı kifayət qədər imkanlar var, sadəcə olaraq bir qədər sosial təzyiqə ara verilsə, hüquq-mühafizə orqanlarının sərbəst işləməsinə imkan verilsə, cinayətkar obyektiv olaraq müəyyənləşdiriləcək”.

 

“Başqa ölkələrin də təcrübəsinə nəzər yetirək. Bəzən bir cinayətin açılması üçün illərlə vaxt gedir, hətta 10 ildən sonra açılan cinayət işləri olur. Bu hadisədə isə kifayət qədər ipucları, çox ciddi, tutarlı faktlar var. Bəzi məsələlər var ki, istintaq onu açıqlaya bilmir, əgər açıqlansa, istintaqın obyektivliyi şübhə altına alınar. İstintaqa imkan verməliyik ki, sonadək araşdırma aparılsın”, - deyə hüquqşünas vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan