Tofiq Zülfüqarov: “Qarabağda hər an hərbi əməliyyatlar başlaya bilər”

Siyasət

16.06.2020 - 23:47

“Rusiya Ermənistanın təhlükəsizliyinə dəstək verə bilər, lakin inkişafına yox”

 

Ermənistandakı siyasi vəziyyət yeni mərhələyə qədəm qoyur, ölkədə siyasi böhran günbəgün dərinləşir. Mayın 15-də “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qagik Tsarukyanın tərəfdarları, Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən dindirilməyə çağrılan biznesmeni dəstəkləmək üçün qurumun binası qarşısında toplaşmışdılar.

 

Hökumət əleyhinə şüarlar səsləndirən onlarla insan Baş Nazir Nikol Paşinyanın istefasını tələb etdi. Polis qüvvələri zor tətbiq etməsələr də, vaxtaşırı olaraq, aksiya iştirakçılarını koronavirus səbəbiylə sosial məsafəni qorumağa çağırırdılar.

 

MTX əvvəllər bildirmişdi ki, Tsarukyanın qumar oyunları sahəsində işləyən şirkətlərinin qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsi, təxminən 60 milyon dollar gəlirdən məhrum olub.

 

Aksiyanın sonuna yaxın Ermənistan polisi müxalif “Çiçəklənən Ermənistan” parlament fraksiyasının liderini dəstəkləyən 250-dən çox fəalı saxladı. Polisin yaydığı rəsmi məlumata görə, Ermənistan hökumətinin qərarına əsasən, fövqəladə vəziyyət zamanı respublika daxilində hər hansı bir kütləvi aksiya keçirmək qadağan olsa da, bir qrup şəxs bu qərara məhəl qoymadan MTX binası qarşısında kütləvi aksiya keçirib, polis aksiya iştirakçılarından 252 nəfəri saxlayıb.

 

Ermənistanda baş verənləri AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, hazırda düşmən ölkədə bir-biri ilə ölüm-dirim savaşına çıxan iki qüvvə var: “Bunlar qərbyönümlü və rusiyapərəst qüvvələrdir. Hərbi sferadan başlayaraq, iqtisadi sferaya qədər Rusiya Ermənistandakı bütün sahələrdə doinantlıq edir. Bu, tarixən belə olub. Ancaq Ermənistanda müstəqillik dövründə yaşayan yeni nəsil Rusiyanın ölkənin təhlükəsizliyini təmin edə biləcəyini, lakin bu təminatın inkişafın qarşısını kəsəcəyini başa düşür. Ermənistanın bir dövlət olaraq ayaqda qalmasını təmin edə bilən və Rusiyaya qarşı qoyula biləcək yeganə qüvvə Qərbdir. Təkrar edirəm ki, söhbət dövlət olaraq zəif də olsa, sağ qalmaqdan gedir. Belə ki, illərlə davam edən böhran bu ölkədə hansısa inkişafdan danışmağa belə, imkan vermir”.

Nicat Hacıyev