Eks-prezident: “Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
“Qarabağ Azərbaycandır. Bütün dünya bu fikirdədir. Bu mövqe dəyişməz olaraq qalır”.
AYNA xəbər verir ki, bu fikirləri Media.Az-a müsahibəsində Gürcüstanın keçmiş Prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və "Yeni qüvvələr hərəkatı"nın lideri Mixail Saakaşvili, Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ Ermənistan ərazisidir” bəyanatına münasibət bildirərkən deyib.
“Bir daha təkrar edirəm: bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, birincisi. İkincisi, ümid edirəm ki, Qafqazda daha bir müharibə olmayacaq”, - deyə Saakaşvili qeyd edib.
Gürcüstana səfər etmək planları ilə bağlı verilən sualın cavabında Saakaşvili bildirib ki, Gürcüstanda, məhz özünün 2001-ci ildə yaratdığı "Vahid Milli Hərəkat" partiyası fəaliyyət göstərir: "Lakin siz anlamalısınız ki, hazırda Gürcüstanda normal demokratiya yoxdur. Ona görə də bu (Gürcüstana səfər – red.), elə də asan deyil. Mən məmnuniyyətlə elə indicə gedərdim. Lakin qan axıdılmasını, digər ölkələrin hərbi müdaxiləsini istəmirəm”.
“Mən oliqarxdan qorxmuram (Bidzina İvanişvili nəzərdə tutulur - red.). Amma bizim partiya aktiv şəkildə fəaliyyət göstərir, burada gənclər çoxdur. Biz daim əlaqə saxlayırıq”, - deyə o vurğulayıb.