“Bu mundar sistemlə mübarizəni gündəlik olaraq davam etdirməyi planlaşdırırıq”
“Lelo - Gürcüstan üçün Tərəfdaşlıq” Partiyasının gəncləri Tiflisdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binası qarşısında aksiya keçiriblər. AYNA gürcü mediasına istinadən bildirir ki, etirazçılar DTX-nın fəalları gizli şəkildə nəzarət altında saxlamasına qarşıdırlar.
Fəallar əmindirlər ki, xüsusi xidmət orqanları onları gizli şəkildə izləyir, sonradan şantaj etmək üçün məlumatlar toplayırlar.
Etirazçılar əllərində "Yenə bizi dinləyirlər", "Böyük qardaş səni izləyir", "Qeyri-qanuni müşahidə dayandırılsın" yazılçış plakatlar qaldırıblar.
“Bu mundar sistemlə mübarizəni gündəlik olaraq davam etdirməyi planlaşdırırıq”, - deyə etirazçılardan biri söyləyib.
Qeyd edək ki, müxalifət telekanallarının efirində Gürcüstandakı müxalif fəalların gizli izlənməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda qeyd edilir ki, yayılan xəbərlər ictimaiyyətə DTX-nın keçmiş zabiti tərəfindən verilib.