Təhsil Nazirliyi üçün siqnal: Müəllimlərin işə qəbulu sistemi təkmilləşdirilməlidir

Cəmiyyət

15.08.2021 - 15:12

Nadir İsarilov: “Müəllimləri işə götürmək üçün tək nəzəriyyə kifayət deyil, təcrübə də lazımdır”

 

Məktəbdə işə düzəlmək üçün test imtahanı verməli və sonra müsahibədən keçməlisən. Ancaq bu il bir çox müəllim testlərdəki sualların çox çətin olduğundan şikayətləndi və həmçinin bildirildi ki, cavab vermək üçün lazım olduğundan daha az vaxt ayrılıb. Çoxsaylı şikayətlərə görə Təhsil Nazirliyi avqustun əvvəlində bəzi müəllim qrupları üçün təkrar imtahanların keçirilməsinə qərar verdi.

 

Təhsil naziri Emin Amrullayevin sözlərinə görə, müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlar məktəblərə daha yaxşı hazırlaşanların işə götürülməsi üçün keçirilir. Qəbul imtahanlarında suallar çətin olsa da, nazirin dediyi kimi, müəllimlərin bilik səviyyəsinə görə Təhsil Nazirliyinin tələblərinə cavab verir. Namizəd 30-dan çox bal toplamalıdır. İbtidai sinif müəllimləri arasında 3920 nəfər 41-60, riyaziyyat fənni üzrə yalnız üç namizəd 56-60 bal toplayıb, ingilis dilində heç bir nəfər də lazım olan qədər bal toplamayıb.  Kimya, rus dili, musiqi, təsviri incəsənət, Azərbaycan dili (rus sektoru), coğrafiya, informatika, bədən tərbiyəsi, ingilis dili müəllimlərinin vakant yerləri boş qaldı.

 

“Bu il imtahanlarda 46 930 nəfər iştirak edib. Hazırda 10.259 nəfər (22%) müəllim işləyir. Bu il ilkin olaraq, 7718 boş iş yeri elan olunmuşdu ki, bunun da 6871-i Azərbaycan sektorundadır. Vakansiyaların sayının 9000-ə qədər artacağını gözləyirik”, - deyə Əmrullayev bildirib.

 

Son üç ildə Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə 27197 nəfər işə qəbul edilib. Bir çox ekspertlər əmindirlər ki, müəllimlərin işə qəbulu sistemi dəyişdirilməlidir.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovun AYNA-ya dediyinə görə, müəllimlərin işə qəbulu şərtləri vaxtaşırı dəyişdirilir və müxtəlif səbəblərdən suallar yaranır: “Bu il bəzi müəllimlər testlərin çox çətin keçdiyindən narazılıqlarını ifadə etdilər. Şikayətlərin başqa bir səbəbi də cavab üçün kifayət qədər vaxt olmamasıdır. Hətta bu müəllimlərin oxuma sürətinin aşağı olduğu üçün, onların sualları  oxumağa və cavablandırmağa vaxtları olmadığı barədə mülahizə irəli sürüldü. Ancaq sürətli oxumaq hələ məktəbdə  öyrədildiyindən bu fərziyyə qəribə gəlir. 90 dəqiqə ərzində müəllimlər 60 suala cavab verməli idilər, amma aydın deyil ki, niyə belə tələsirlər. Bu barədə danışdım və sual verdim ki, vaxt 120 dəqiqəyə qaldırılsa, nə olacaq? Müəllimlər yavaş-yavaş, düşünə-düşünə cavab verə biləcəklər”.

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti  öz müsbət nəticələrini göstərəcək…”

Ekspert deyib ki, MİQ imtahanları ilə əlaqədar ajiotaj nazirlik üçün bir növ siqnal olub və bu sistemin təkmilləşdirilməsinin vacib olduğu qəbul edilib: “İndi ölkədə bir neçə il işləyən müəllimlər var, amma onlarla cəmi bir illik əmək müqaviləsi bağlayırlar. Hər il imtahan verməli olurlar, bundan sonra onlarla müqavilə yenilənir. Səhvdir - yeni müəllimi işə qəbul etmək bir şeydir, uzun müddət işləyən adamı imtahana çəkmək, başqa şey”.

 

“Burada bir məqam var - bəziləri düşünür ki, indi məlumatlar daim yenilənir və müəllimin bu mövzuda geridə qalıb-qalmadığını yoxlamaq lazımdır. Amma bunun üçün müəllimləri ixtisasartırmaya göndərmək lazımdır. Əvvəllər Təkmilləşdirmə İnstitutunda dövlət hesabına müəllimlərə yataqxanada yer, yemək və s. verilirdi. İndi bu belə deyil”, - deyə İsrafilov vurğulayıb.

 

Onun sözlərinə görə, müəllimləri işə götürmək üçün tək nəzəriyyə kifayət deyil, təcrübə də lazımdır: “Üçüncü kursdan başlayaraq tələbələrin dərs dedikləri bir çox məktəb var idi və onların işləri komissiya tərəfindən yoxlanılırdı. Nəticədə məktəbə hazır müəllim kimi gəlirdilər. İndi, məsələn, riyaziyyat müəllimi öz fənnini bilir, amma pedaqogika və metodikanı bilməyə bilər. Pedaqoji Universitet tələbələrinin təcrübə qazanması üçün bir çox baza-məktəb açmaq lazımdır və onların video formatdakı dərsləri testlərdən keçdikdən sonra komissiyalara göstərilməlidir. Şəxsin siniflə necə işlədiyini anlamaq vacibdir. Müəllim olmaq bir bacarıqdır”.

 

Həmsöhbətimiz vakansiyalarla bağlı da fikir bildirib: “Müəllimin dərs yükü təxminən 18 saat olmalıdır. Amma indi cəmi 6-9 saat işləyən müəllimlər çoxdur. İndi bir müəllim, məsələn, təqaüdə çıxsa, onun yerinə bir vakansiya açılır, amma iş saatlarını digər işləyən müəllimlər arasında bölmək mümkün idi. Müəllimlərin həddindən artıq çox olmasının qarşısını almaq üçün onlardan nə qədərinin universitetlər tərəfindən hazırlanmalı olduğunu planlaşdırmaq lazımdır”.

Müəllif: Elya Belskaya