Rejim şərin yanındadır, bəs xalq?

Dünya

30.05.2023 - 17:48

Vadim Qalayçuk: “İran xalqı ukraynalıların qətlində və şəhərlərimizin dağıdılmasında şərik olmaq ittihamlarından başqa heç nə əldə etmir”

Əmir Məhəmmədi Çəhaki: “Zelenski öz çıxışında İran xalqını Rusiya dövlətinin tərəfində tutmaqla strateji səhvə yol verdi”

Prezident Vladimir Zelenski İran xalqına müraciət edərək qeyd edib ki, Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməklə İran yalnız dünyadan daha çox təcrid olunur. Onun sözlərinə görə, Ukraynaya qarşı ümumilikdə 1160-a yaxın “Şahed” pilotsuz uçuş aparatından (PUA) istifadə edilib.

“Ancaq bu gün belə zərbələrin hər zaman davam etdiyini nəzərə alaraq, mən birbaşa İran xalqına müraciət etmək istərdim. Sadə bir sual: niyə rus terroruna şərik olmalısan? Niyə şər dövlətin tərəfindəsən? Dünya nə baş verdiyini görür, siz də İranda bunu görürsünüz. Şəri dəstəkləməyiniz danılmazdır”, - deyə Zelenski bildirib.

Ölkə başçısı qeyd edib ki, ukraynalı müdafiəçilər iranlı “Şahed”ləri vurmağı öyrənsələr də, yenə də zərbələr var, nəticədə insanlar ölür: “Niyə İran bu cür tsinik qətllərə şərik olur? Rusiyanın əli ilə, ancaq sizin silahlarınızla. Bundan nə əldə edirsiniz? Tehranda, Şirazda, Saqqezdə və ya ölkənizin hər hansı başqa şəhərində insanlar nə əldə edir? Dünyadan daha çox təcrid, daha böyük problemlər”.

Prezident vurğulayıb ki, hər şey Rusiya üçün hədəfdir: “Mənzillər, məktəblər, xəstəxanalar, ibadət evləri, kilsələr, elektrik stansiyaları, bazarlar, hətta humanitar yardım məntəqələri və avtobus dayanacaqları. Belə misallar minlərlədir. İran xalqı! Rusiya hər şeyi, fərq qoymadan vurur. Artilleriya və minaatanlar, raketlər və dronlar - onun nələri var və sizin adınıza Rusiyaya nə verirlərsə onunla. Əminəm ki, siz tarixdə haqqın tərəfində olmalısınız – şərin yox”.

Zelenski Rusiyanın bu müharibəni əsarət naminə başladığını diqqətə çatdırıb: “Bu, müstəmləkəçinin qonşu xalqa qarşı müharibəsidir. Rusiya hətta insanları - uşaqlarımızı oğurlayır! Minlərlə, minlərlə... Başqa bir xalqın övladlarını ancaq mütləq şər oğurlaya bilər. Rus işğalçıları isə ukraynalılara qarşı gedərək, əsrlər boyu Ukrayna torpağında yaşayan bütün digər milli icmaları məhv edirlər”.

Onun sözlərinə görə, ruslar yunan xristianların kəndlərini yandırıblar və Rusiyanın Krım tatar xalqına qarşı sistemli repressiyaları bunu təsdiqləyir: “Əgər siz Rusiya təcavüzü kimi şərlə eyni tərəfə qoyulmasaydınız, İran xalqı çox fərqli yaşaya bilərdi. Hər gecə Ukraynanı terrora məruz qoyan “Şahed”ləriniz o deməkdir ki, İran xalqını tarixin qaranlıq tərəfinə getdikcə daha çox itələyirlər”.

Tehrandan da cavab gəlib. Gözlənilən məzmunla. İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Nasser Kənani bununla bağlı bildirib ki, İranın Rusiya terrorizmində şərik olması ittihamlarının arxasında “Ukrayna liderinin Qərbdən külli miqdarda hərbi və maliyyə yardımı almaq istəyi” dayanır. Diplomat Zelenskinin tənqidini “əsassız və faydasız” adlandıraraq, Ukrayna Prezidentinin “ictimaiyyəti çaşdırmağa çalışdığına” işarə edib.

Kənani deyib ki, Tehran “Rusiyanın silah tədarükü ilə bağlı iddiaları araşdırmaq” üçün Ukrayna ilə danışıqlara hazırdır: “Tehran dəfələrlə Ukraynadakı müharibəyə qarşı olduğunu bəyan edib. Biz siyasi nizamlanmaya çağırırıq və bu işdə hər cür kömək göstərməyə hazırıq”.

Aydındır ki, İran XİN sözçüsü sadəcə olaraq yalan danışır – Ukrayna İran “Şahed”lərinin dağıntıları ilə bağlı bir neçə dəfə sübutlar təqdim edib. Amma Zelenskinin sualı həqiqətən maraqlıdır. Və nəzərə alsaq ki, İranda bir növ demokratiya var, xalq niyə işğalçı Rusiyaya İran silahlarının dəstəklənməsinə qarşı çıxmır? Belə çıxır ki, İran vətəndaşlarının əksəriyyəti bu qeyri-insani müharibəyə qarşı deyil? Yoxsa reallıqda İran xalqının öz ölkəsinin rəhbərliyinin qeyri-insani qərarlarına təsir etmək imkanı yoxdur?

AYNA mövzunu hər iki ölkədən olan ekspertlərlə müzakirə edib.

Ukrayna Ali Radasının hakim “Xalqın qulluqçusu” partiyasından deputatı, Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üzrə parlament komitəsi rəhbərinin birinci müavini, Ukraynanın ATƏT PA-dakı daimi nümayəndəliyinin üzvü Vadim Qalayçuk:

“Rusiya Ukraynaya qarşı bu müharibədə çox tənhadır. Ən azı bəzi - xəyali və real müttəfiqlərin axtarışı bu gün Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyinin əsas vəzifəsidir. Bunun üçün rus təbliğatının adi vasitələrindən istifadə olunur: yalan, şantaj və rüşvət.

Bizdə məlumat var ki, Rusiya İranın verdiyi silahlara görə İrandakı rejimin nümayəndələrinə nağd pul, zinət əşyaları və digər mallar ödəyir. Yəni bu pullar ölkə büdcəsinə düşmür, sadə insanlara çatmır, sosial ehtiyaclara sərf olunmur.

İran xalqı ukraynalıların qətlində və şəhərlərimizin dağıdılmasında şərik olmaq ittihamlarından başqa heç nə əldə etmir. Biz iranlıların niyə susduğunu başa düşmürük, yalnız milli mənlik şüurunun oyanmasına ümid edə bilərik və İran xalqı nəhayət hakimiyyətdən bu çirkin qanlı macəraya niyə cəlb olunduqları sualına cavab tələb etməyə başlayacaq”.

İranlı politoloq, Rusiya-İran münasibətləri üzrə mütəxəssis Əmir Məhəmmədi Çəhaki:

“Volodimir Zelenskinin İran xalqına videomüraciəti İranın müxtəlif dairələrində geniş rezonans doğurdu. Onun çıxışının əsas mövzusu Rusiya ordusu tərəfindən Ukraynadakı hərbi və mülki hədəflərə qarşı istifadə edilən və Rusiyanın Ukraynaya çoxsaylı və müntəzəm raket hücumları üçün fon olan İran “Şahed” pilotsuz təyyarələri olub. Əvvəlcə İran İslam Respublikası bu pilotsuz təyyarələrin ixracını təkzib etdi, lakin bir müddət sonra pilotsuz təyyarələrin Rusiya Federasiyasına “məhdud” ixracını təsdiqlədi və bunun Rusiyanın Ukraynaya qarşı işğalı başlamazdan əvvəl olduğunu bildirdi.

Belə görünür ki, Zelenskinin İrandakı daxili siyasi vəziyyətdən xəbəri yoxdur və Məhsa Əmini adlı gənc qızın ölümündən sonra başlayan qadın hərəkatından xəbərsizdir. O, Zelenskinin qeyd etdiyi eyni Saqqez şəhərində anadan olub və 2022-ci ilin sentyabrında ölümündən sonra bir neçə ay ərzində hökumət qüvvələri tərəfindən əzilən, naməlum sayda nümayişçinin ölümü və minlərlə iranlı yeniyetmənin həbsinə səbəb olan demokratiya tərəfdarı hərəkat yaranıb.

İranlıların əksəriyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyir. Və İranın Rusiyaya hərbi dəstəyini İranın milli maraqlarına zidd hesab edirlər. Əksər iranlılar Ukraynadakı qətl və dağıntılardan təəssüflənir və Rusiyanın Ukraynaya qarşı müharibədə İran pilotsuz təyyarələrindən istifadə etməsini pisləyir.

Əgər Zelenski bu çıxışın mətninə yenidən baxıb oradakı İran xalqını rusa, İranın Tehran, Şiraz və Saqqez şəhərlərini isə Rusiyanın Moskva, Sankt-Peterburq və Kazan şəhərlərinə dəyişsə, o zaman onun çıxışı başadüşülən olardı. Çünki Rusiya vətəndaşlarının əksəriyyəti hələ də Vladimir Putini və onun İran vətəndaşları haqqında demək mümkün olmayan qərarlarını dəstəkləyir.

İran vətəndaşları öz tarixi yaddaşlarında İranla Çar Rusiyası arasında gedən döyüşləri və bu müharibələr nəticəsində İran torpaqlarının bir hissəsinin Rusiyaya ilhaqını unutmayıblar. 1980-ci ilin sentyabrında İraqın İrana hücumunu iranlılar hələ də unutmayıblar. Bir neçə yüz min İran vətəndaşı öldürüldü, şikəst edildi və əlil qaldı. Ölkə iqtisadiyyatına bərpası mümkün olmayan ziyan vuruldu, İranın siyasi inkişafına ciddi zərbə vuruldu.

O dövrdə Sovet İttifaqı İraq rejiminin əsas müttəfiqi idi və sovet istehsalı olan qırıcılar və ballistik raketlər İranın müxtəlif şəhərlərində dinc insanları məhv edib qətlə yetirirdi və insanlar müharibəni televizorda yox, öz şəhərlərinin küçələrində görürdülər. Sovet Ukraynası o zaman Sovet İttifaqında mühüm rol oynasa da, iranlıların əksəriyyəti yalnız Rusiyanı Sovet İttifaqının varisi hesab edir, çünki Moskva Səddam Hüseyn rejiminə hərtərəfli hərbi dəstək verməkdən məsuldur.

Əgər Volodimir Zelenskinin İran xalqının məsuliyyəti haqqında dediklərini tarixi təhlil üçün meyar hesab etsək, onda Ukrayna Respublikasının vətəndaşları da daxil olmaqla, bütün sovet xalqı və onların övladları Sovet İttifaqının bütün qərarlarında və cinayətlərində məsuliyyət daşıyır və hökmdarlarına ortaqdırlar.

İran min illik tarixi olan, dəfələrlə başqa güclərin işğalına məruz qalmış böyük bir ölkədir və müharibəni məşum hadisə hesab edir. Bu gün isə o, müasir cəmiyyətin dəyərlərinə uyğun demokratik idarəetməyə keçməyə çalışır. Zelenski öz çıxışında İran xalqını Rusiya dövlətinin tərəfinə çəkməklə, İranın siyasi tarixini və müasir cəmiyyətin əsasını düzgün dərk etmədiyini göstərərək strateji səhvə yol verdi”.

Müəllif: Rauf Orucov