“Gündəlik olaraq təcili yardıma zəng 10 mini, icra etdiyimiz çağırışların sayı isə iki mini keçir”
Təcili Tibbi yardımla bağlı son günlər şikayət və narazılıqlar artıb. AYNA-nın xəbərinə görə, Bakı Şəhəri Təcili Tibbi Yardım Xidmətində Operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Baku” TV-yə məsələ ilə bağlı açıqlama verib.
Bildirib ki, vətəndaşların zənglərinə cavab verilməməsi və ya təcili yardım avtomobillərinin gec gəlməsinə səbəb xəttin gündəlik həddən artıq məşğul olmasıdır: “Gündəlik olaraq təcili yardıma zəng 10 mini, icra etdiyimiz çağırışların sayı isə iki mini keçir. Nəzərə alsaq ki, zəngin xeyli hissəsi yalnız sorğulardan ibarətdir, bu da təcili yardım xəttinin yüklənməsinə səbəb olur”.
Mərkəzdə çalışan tibb işçiləri də deyir ki, son günlər işlərin çoxalması vətəndaşlarla problemlərin yaranmasına gətirib çıxarıb.
Təcili tibbi yardımla bağlı yaranan problemlərdən biri də əhali sayına görə təcili yardım briqadasının say nisbətidir. Belə ki, zəng və çağırışların sayı çox, təcili yardım briqadası isə azdır. Bu da öz növbəsində təcili yardımın gecikməsinə səbəb olur.