Tədbirdə 100-dən çox qonaq iştirak edib: Nümayişdən sonra filmin rejissoru Zaur Qasımlı ilə sual-cavab sessiyası keçirilib
Bakı Media Mərkəzi tərəfindən istehsal olunan "Tağıyev: Neft" filmi ABŞ kino sənayesinin mərkəzi olan Los-Ancelesdə təqdim olunub. Mərkəzdən AYNA.AZ-a verilən məlumata görə, film Hollivud sənayesi nümayəndələri üçün şəhərin məşhur kino sənayesi məkanlarından biri olan “Ross House”da nümayiş etdirilib.
Tədbirdə 100-dən çox qonaq iştirak edib. Nümayişdən sonra filmin rejissoru Zaur Qasımlı ilə sual-cavab sessiyası keçirilib.
Los-Anceles təqdimatı filmi beynəlxalq səviyyədə tanıtmaq və Azərbaycan kinosunu daha geniş qlobal auditoriyaya tanıtmaq üçün atılan daha bir uğurlu addımdır.
"Tağıyev: Neft" əvvəllər 98-ci Oskar mükafatları üçün "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında Azərbaycanın rəsmi filmi kimi seçilib. Akademiya bu kateqoriya üzrə qısa siyahını 16 dekabr 2025-ci ildə, əsas nominantları isə 15 yanvar 2026-cı ildə açıqlayacaq. Mükafatlandırma mərasimi 15 mart 2026-cı ildə Los-Ancelesdə keçiriləcək.
Qeyd edək ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. "Tağıyev: Neft" güclü yaradıcı heyətin birgə səylərinin nəticəsidir: baş prodüser Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, ssenaristlər İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim dizayneri Vüsal Rəhim və bəstəkar Etibar Əsədli filmin uğurunda mühüm rol oynayıblar.
Filmdə tarixi obrazları Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev) və Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva da daxil olmaqla bir qrup peşəkar aktyor canlandırıb.