Şuşaya gedən “Zəfər yolu”nun tikintisi davam etdirilir

Xəbərlər

06.05.2021 - 14:54

Həkimlər Klinikalar SEO Xidməti

Yol məşhur Topxana meşəliyindən yan keçməklə inşa olunur

 

Mayın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşkilatçılığı ilə Füzulidə “Zəfər yolu”nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işləri ilə yerində tanışlıq məqsədilə media nümayəndələri səfəri təşkil olunub. AYNA xəbər verir ki, inşaat işlərinin aparıldığı əraziyə gələn media nümayəndələrinə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi haqqında məlumat verilib.

 

Bildirilib ki, Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan birinci texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir.

 

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 86 kilometr təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 6 kilometr olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

 

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 kilometri 6, 48-84,6 kilometri isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək.

 

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 kilometrlik ikinci texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. İki hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrliyindən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

 

Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədilə 27-ci kilometrdə yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə aparılır.

 

Yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü kilometrlik hissələri, subpodratçı şirkət olaraq “Azvirt” MMC-in inşa etdiyi 34-51-ci kilometrlik hissə və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən inşası aparılan 51-84,6 kilometrlik hissəsidir.

 

Hazırda yolun 14 kilometrlik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti hissələrdə bu istiqamətdə işlər davam etdirilir.

 

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən, başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2024-cü il ərzində tamamlanması nəzərdə tutulur.

 

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş