Sözə baxmayan vətəndaşlar özlərini zülmə salırlar

Cəmiyyət

09.05.2020 - 16:20

Diqqətli olun: Hökumətin tövsiyələrinə boyun əyməkdən başqa yol yoxdur

 

Sosial şəbəkələrdə Azərbaycan-Rusiya sərhədində qalan bir qrup azərbaycanlının vəziyyəti ilə bağlı yeni videogörüntü yayılıb. Çəkilişin tarixi dəqiq göstərilmədiyindən videodakı mənzərənin nə zamana aid olduğu bəlli deyil. Hər halda, ötən yaxın günlərin hadisəsi olduğu da istisna edilmir.

 

Videoda bildirilir ki, sərhəddə qalan və ölkəmizə keçə bilməyən soydaşlarımız acınacaqlı vəziyyətdə qalıblar. Onların antisanitar şəraitdə gecələdikləri, yemək-içməkdə korluq çəkdikləri qeyd olunur.

 

Qeyd edək ki, Rusiyadan Azərbaycana dönmək istəyən vətəndaşlarla bağlı bir neçə dəfə Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb. Bəyan edib ki, pandemiya və karantin tədbirləri ilə əlaqədar olaraq insanlar hökumətin tapşırıq və tövsiyələrinə əməl etməlidirlər.

 

XİN Rusiyadakı azərbaycanlıların Vətənə dönmələri üçün növbə prinsipi üzrə iş görür. Belə ki, aprelin 24-dən sonra bir qrup azərbaycanlı ölkəyə qayıdıb və karantin qaydalarına uyğun olaraq müxtəlif məntəqələrdə 14-21 gün ərzində saxlanılıb. Gətirilən və yerləşdirilən vətəndaşlar arasında sıxlıq olmasın deyə, aprel ayında xüsusi informasiya portalı da fəaliyyətə başlayıb.

 

Portalda Rusiyadan həm hava, həm də quru yolu ilə gəlmək istəyənlərin müraciətləri yerləşdirilib. Vətəndaşın Azərbaycana geri dönüş üçün hansı tarixdə və hansı keçid məntəqəsinə yaxınlaşması barədə məlumat portal vasitəsi ilə, mobil telefonuna SMS göndərilməklə və ya birbaşa telefin əlaqəsai ilə verilir. Azərbaycana dönüş xərci hər bir vətəndaşın özünə məxsusdur. Geri dönüş üçün ayrılmış çarter reysinə bilet ödənişlidir və müraciət edən şəxs tərəfindən ödənilir. Qayıdan şəxsin AZAL və “Buta Airways” ilə əvvəlcədən alınmış qayıdış bileti olarsa, yalnız həmin şəxsin geri dönüşü ödənişsiz həyata keçirilir.

 

Portala nəzər yetirdikdə məlum olur ki, müraciət edən 500 nəfər hava yolu ilə, 500 nəfər isə quru yolu ilə hələ də Azərbaycana gəlmək üçün növbə gözləyir. Nəzərə alsaq ki, Azərbaycana ən çox Rusiayadan gələn olacaq, həmçinin Rusiya hazırda pandemiyanın ciddi böhranını yaşayır, onda hökumətin tövsiyələrinə əməl etməkdən başqa yol qalmır.

 

Bu arada, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı AYNA-ya deyib ki, xarici ölkələrdəki azərbaycanlıların ölkəyə qayıdışı ilə bağlı məsələ Komitənin səlahiyyəti xaricindədir: “Biz yalnız xarici ölkələrdə qalan həmvətənlərin vəziyyətinə, yerləşməsinə dəstək veririk. Diplomatik korpuslarımız, diaspor təşkilatları, “Azərbaycan Evi” ilə daim əlaqədəyik. Azərbaycana geri dönə bilməyənlərin hər hansı problemi olarsa, dərhal həll etməyə çalışırıq”.

Müəllif: Raminə Eyvazqızı