“Sonuncu dəfə aprel ayında əməkhaqqı almışam”

İdman

15.11.2020 - 23:15

Ziya Rəcəbov: “Bundan sonra illər lazımdır ki, voleybolumuz özünə gələ bilsin”

 

Azərbaycan voleybolunda öz sözünü deyən idman mütəxəssisi Ziya Rəcəbov AYNA-nın qonağı olub. Beləliklə:

 

- Koronavirus pandemiyası səbəbindən 2020-ci il idman sahəsi bəxtsiz il il oldu. Bu proses voleybola necə təsir göstərdi?

 

- Bütün idman növləri kimi, əlbəttə ki, voleybola da çox pis təsir göstərdi. Bütün dünya pandemiya mücadiləsindədir. Artıq ikinci dalğa başlayıb və bir çox ölkələr voleybol məşqlərini artıq dayandırmaq qərarına gəlib. İdmanda da məşq etmədin inkişafdan söhbət belə gedə bilməz.

 

- Pandemiya dövründə Azərbaycan voleybolunda hansı dəyişikliklər baş verdi?

 

- Pandemiyadan əvvəl yarımcan olmuş voleybolumuza, bundan sonra illər lazımdır ki, özünə gələ bilsin. Keçən il heç olmasa, çempionat keçirilirdi. Bu il yəqin ki, heç olmayacaq. Bu da voleybola daha pis təsir göstərəcək. Bir onu deyə bilərəm ki, bu gün voleybolda dəyişiklər zəif gedir. Cavan kadırlar gələcək. Qorxuram ki, pandemiya şəraiti onların da voleyboldan getməsinə səbəb olar. Vəziyyətdən istifadə edib gənc voleybolçulara bir məsləhətim var. Heç olmasa, ev şəraitində də olsa, öz formalarını qoruyub saxlasınlar. Bir də əsas oyunçular voleybol məşqləri olan ölkələrdə ən azından oynamalıdırlar. Necə ki, Polina Rəhimova Braziliyada oynayır, Odina Əliyeva yəqin ki, Amerika liqində oynayacaq, Basnakova Ayşən isə Türkiyə liqində oynayır. Bu, oyunçuları həm formada saxlayacaq, həm də əlavə təcrübə qazanmalarına səbəb olacaq.

 

- Kişilərdən ibarət voleybolda vəziyyət necədir?

 

- Kişi voleybolunda onsuz da cavanlaşma prosesi gedirdi. İndi də yəqin ki, cavanlarla məşq edəcəklər. Amma pandemiya dövründə heç bir zal açıq deyil deyə məşqlər dayandırılıb. Onu da deyim ki, voleybolun inkişafı üçün mənim bir neçə təklifim var idi. Pandemiya dövrü olduğu üçün təkliflərimi vermədim. Bugünkü durumda heç olmasa, arxa cəbhədə də olsa, əsgərlərimizin, Azərbaycanızın yanında oluruq. Bu da bizim vətəndaş borcumuzdur.

 

- Hazırda demək olar ki, işsizsiniz. İşləmədiyiniz dövrdə əməkhaqlarınız verilir, yoxsa, başqa sahədə də çalışmalı olursunuz?

 

- Mən aprel ayından bu günə kimi heç bir yerdən əməkhaqqı almıram. Son əməkhaqqım “Jakarta Pertamina Enerji” klubundan olub. Yəni indiki halda nə milli, nə də klublar fəaliyyət göstərir. Səbr edirik.

 

- Qarabağda Vətən müharibəsi apardıq. Voleybol Federasiyası ailəsinin üzvlərindən döyüşə yollanan varmı?

 

- Birinci liqdə çıxış edən Yaqub Qaraxanov hal-hazırda döyüş meydanındadır. O, “Ağsu City” klubunda oynayır. Onunla və bütün əsgərlərimiz ilə fəxr edirik.

 

- Gələn il yenidən İndoneziyanın “Jakarta Pertamina Enerji” klubuna geri dönməyi planlayırsız? Yoxsa yenə Azərbaycanda klublarından birində və ya millidən təklif aldığınız halda, burada karyeranızı davam etdirəcəksiniz?

 

- İndoneziyadan təklif var idi, sadəcə olaraq pandemiyaya görə işlər dayandı. Amma Azərbaycan klublarından təklif gəlsə, mütləq şəkildə dəyərləndirəcəm.

 

- Azərbaycan voleybolunun yenidən dirçəlməsi üçün nələr edilməlidir?

 

- Dayanmadan məşq etməliyik. Ən azı 5 il çox çalışmaq lazımdır ki, əvvəlki nəticələrimizi ən azından təkrarlaya bilək.

Müəllif: Təranə Xudabaxşiyeva