“Sərhəd sərsəmləməsi” və “dəhliz cəfəngiyyatı” davam edir: <font color=red> Azərbaycanın tək yolu qalır</font>

Siyasət

06.08.2021 - 17:08

Prezidentin sabiq köməkçisi: “İndiki halda heç bir sülh sazişindən danışmağa ehtiyac yoxdur və sülh müqaviləsi barədə razılaşmaq mümkün deyil”

 

Sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Zəngəzur dəhlizi ətrafında vəziyyət hələ də gərgin və qeyri-müəyyəndir. Erməni tərəfi dəhliz verməkdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Digər tərəfdən, bu prosesdə xarici oyunçuların marağını da görürük.

 

AYNA mövzu ətrafında Azərbaycan Prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazovla həmsöhbət olub.

Eldar Namazov “beyin mərkəzi”nin fəaliyyətinibərpa edir | Xural qəzeti

- Eldar müəllim, Azərbaycan-Ermənistan sərhədində nə baş verir? Bütün bu proseslər nəyə gətirib çıxaracaq?

 

- Azərbaycan-Ermənistan sərhədində baş verənləri bir ifadə ilə adlandırmaq olar - "sərhəd sərsəmləməsi". Erməni siyasətçiləri, ekspertləri və onların mediası dərin bir şok və çaşqınlıq içindədir, çox sadə şeylərdə öz mövqeyini formalaşdıra bilmirlər. Bu məsələlər o qədər sadədir ki, ermənilərdən başqa hamı başa düşür. Hətta Fransa Prezidenti də Paşinyanla söhbətində onu ən qısa zamanda dövlət sərhədlərini demarkasiya və delimitasiya etməyə çağırdı. Amma erməni siyasi cəmiyyəti ən absurd və gülünc ifadələrlə çıxış edir və buna görə də bunu "sərhəd sərsəmləməsi" adlandırıram.

 

Sovet xəritələri əsasında sərhədlərin demarkasiyası və delimitasiyasına alternativ yoxdur. Bu sərhədlər daxilində Azərbaycan və Ermənistan BMT və beynəlxalq birlik tərəfindən tanındı. Məhz bu sərhədlərə MDB ölkələri Alma-Ata Bəyannaməsində riayət etməyi qəbul etdilər. Bunların inzibati sərhədlər olduğunu və dövlət sərhədi olaraq tanıya bilməyəcəklərini bəyan etmək, bütün beynəlxalq hüququn, BMT, ATƏT və MDB-nin bütün əsas müddəalarının üzərindən xətt çəkmək deməkdir.

 

Beləliklə, ərazi bütövlüyümüzü tanımaqdan imtina edirlər, amma bu halda Ermənistan anlamalıdır ki, əgər bu sərhədləri tanımırsa, deməli, bu sərhədləri şübhə altına alır, amma əslində öz ərazilərini də mübahisəli elan edir. Paşinyan Rusiyanı hədələyir və təhdid edir ki, KTMT sərhəd gərginliyinə cavab verməsə və nəzarəti ələ almasa, prosesi idarə etmək üçün ABŞ və Fransanı bölgəyə çağıracaq. Ancaq burada Moskvada, Vaşinqtonda və Parisdə sual yaranır: Sərhəd haradadır? Paşinyan sərhədləri tanımırsa, xarici qüvvələri hara dəvət edir? Hansı ölkə Ermənistanın özünün tanımadığı sərhədlərə sərhədçilərini və ya hərbçilərini göndərməyə razı olacaq? Ona görə də indi Ermənistan beynəlxalq təcrid vəziyyətindədir. 

 

Başqa bir maraqlı hal Ermənistanın özündə uzun müddət əvvəl dövlət sərhədi haqqında qanun qəbul edilməsidir və bu qanuna görə dövlət sərhədi boyunca sərhəd zolağı olmalıdır. Sərhəd zonaları olmalıdır və parametrlər müəyyən edilməlidir. İndi Azərbaycan-Ermənistan sərhədində nəzarət yoxdur, çobanlar və sürülər orda gəzir və hər gün inəklərin sərhədi keçməsi ilə bağlı xəbərlər oxuyuruq. Və Ermənistan ombudsmanı qəzəbli mesajlar yazır, baxmayaraq ki, təcrübəli bir hüquqşünas olaraq bilməlidir ki, sərhəd zolağı sərhəddən içəridə olmalıdır və sadə vətəndaşlar ora buraxılmamalıdırlar.

 

Heç bir erməni siyasətçisində, ekspertində və ya politoloqunda Ermənistanın apardığı siyasətin əsaslandırılmasını tapa bilmərik. Buna uyğun olaraq, onların öz mövqelərinin olmadığını başa düşürük. Tək şey odur ki, bu bəyanatlarla sərhəddə gərginliyi artırmaq istəyirlər və bununla da bəzi Qərb ölkələrinin diqqətini cəlb etməyə çalışırlar və bununla həm Moskvaya, həm də Bakıya təzyiq göstərməyə cəhd edirlər. Hər kəs Paşinyanın müharibədən əvvəl necə davrandığını, verdiyi ifadələrlə, Şuşa səfərləri və sairin nə ilə bitdiyini xatırlayır. İndi Paşinyanın eyni atəşlə oynadığını və bölgədə yeni bir gərginliyə səbəb olduğunu görürük.

 

- Dəhlizlərlə bağlı məsələ hələ də qəliz olaraq qalır. Azərbaycana bu məsələni təkbaşına həll etmək, yalnız içəri girib bu dəhlizləri açmaq və sonra Rusiya sərhədçilərinin nəzarətinə təhvil vermək və çıxmaqdan başqa bir şans verilmir. Çünki gördüyümüz kimi, Qərb dəhlizlərin əleyhinədir, Rusiya isə bunda maraqlıdır. Dəhlizlər ətrafında vəziyyətin inkişafını necə görürsünüz?

 

- Dəhliz məsələsində vəziyyət təxminən sərhəd məsələlərində olduğu kimidir. Erməni KİV-lərində yaranan səs-küyə və erməni ekspertlərin danışdıqlarına "dəhliz cəfəngiyyatı" demək olar. Çünki bu mövzuda erməni tərəfinin dəqiq mövqeyi və məntiqi yoxdur. Dediklərinin hamısı üçtərəfli bəyanata, sağlam düşüncəyə və beynəlxalq normalara ziddir.

 

Erməni tərəfi deyir ki, bu dəhlizlər ərazidənkənar, yəni eksterritorial ola bilməz və onları Laçın dəhlizi ilə müqayisə etmək olmaz. İddialara görə, Laçın dəhlizi ərazi xaricindədir, amma Zəngəzurdan dəhliz yox, adi bir yol keçməlidir. Görünür, Paşinyan 10 noyabr 2020-ci ildə hansı sənədi imzaladığını bilmir. Bu sənəddə həm Laçın dəhlizi haqqında, həm də açılan dəhliz haqqında, Laçın dəhlizinə nəzarətin Rusiya Müdafiə Nazirliyi tərəfindən həyata keçirildiyi və Azərbaycanın təhlükəsizliyinə zəmanət verildiyi açıq şəkildə göstərilib. Eyni şey, nəzarəti Rusiya FTX-nınn üzərinə düşən Zəngəzur dəhlizi haqqında da söylənilir ki, onun da təhlükəsizliyinə  Ermənistan zəmanət verir.

 

Bir güzgü effetli situasiya görürük. Bir halda Rusiya sülhməramlıları, digərində isə Rusiya FTX nəzarət edir, saxlayır, lakin status eynidir. Yollara nəzarət edən üçüncü tərəf var və ölkələrin özləri təhlükəsizliyə zəmanət verir. Üstəlik, İranla sərhəddəki hissə 1992-ci ildən artıq eksterritorial xarakter daşıyır. Orada Rusiya sərhəd qoşunları yerləşdirilib. Bu hissə Mehridə yerləşir. Bu hissə ekstra-ərazi xarakteri daşıyır, rusların orda tikdikləri hər şey Rusiyanın mülkiyyətidir və təxminən 40 km uzunluğunda olan bu dəhliz 1992-ci ildən bəri ərazidənkənar statusa malikdir.

 

Üçtərəfli Saziş sadəcə bu vəziyyəti gücləndirdi. Buna görə də Ermənistanın dəhliz verə bilməyəcəyini söyləməsi həm 10 noyabr tarixli üçtərəfli bəyanata, həm də Rusiya sərhədçilərinin İran-Ermənistan sərhədinə nəzarət etdiyi 1992-ci il Rusiya-Ermənistan müqaviləsinin müddəasına ziddir. Ona görə də erməni tərəfinin sözlərində nə məntiq var, nə də sağlam düşüncə.

 

Burada çox vacib bir başqa məqam da var, çünki delimitasiya və demarkasiya prosesi qaçılmazdır və Ermənistan buna getməli olacaq və Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Yəni ermənilər açılışa getməsələr, o zaman 10 noyabr 2020-ci il tarixli bəyanat pozulacaq. Tərəflərdən biri vacib bir müddəadan imtina etmək qərarına gəlsə, bu müqavilə qanuni olaraq qala bilməz. Müqavilənin tam işlək vəziyyətdə olması üçün dəhliz də açıq olmalıdır.

 

Müqavilə pozulsa, rus sülhməramlıları çıxmalı və Azərbaycan ordusu qarşıya qoyulan hərbi vəzifələri sona qədər yerinə yetirməli olacaq. O zaman Ermənistan tərəfi öz əraziləri də daxil olmaqla, daha çox uduzacaq. Digər reaksiyamız Laçın dəhlizinin bağlanması ola bilər. Beləliklə, Azərbaycan tərəfi 10 noyabr tarixli bəyanatı xilas edəcək, lakin dəhlizlər və bölgənin deblokadası ilə bağlı məqamlar oradan tam çıxarılacaq. Deməli, məsələ balanslaşdırılacaq və Zəngəzur dəhlizi açılana qədər Laçın dəhlizi də bağlı qalacaq.

 

Nəhayət, üçüncü ssenari belədir ki, Azərbaycan 10 noyabr bəyanatında yer alan məqamları yerinə yetirmək üçün  Zəngəzurda təkbaşına bir dəhliz açacaq. Erməni tərəfi başa düşməlidir ki, bu dəhlizin açılmasını sabotaj edəcəyi təqdirdə hazırkı vəziyyətin özü çox təhlükəli olacaq.

 

- Sülh müqaviləsi haqqında nə deyə bilərsiniz? İmzalanacaqmı?

 

- Demarkasiya və delimitasiya prosesinin, həmçinin dəhlizlərin açılmasının sabotaj edildiyini görürüksə, heç bir sülh sazişindən danışmağa ehtiyac yoxdur. Belə şəraitdə sülh müqaviləsi barədə razılaşmaq mümkün deyil. İlk müddəalar bir-birinin sərhədlərinin qarşılıqlı tanınması olmalıdır və sonra qalan məsələlər barədə danışmaq olar.

Müəllif: Nicat Hacıyev