Şentop: “İşğalçı Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır”

Siyasət

19.10.2020 - 12:05

“İnanıram ki, Azərbaycan Ordusu zəfər çalacaq”

 

“İşğalçı Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır. ATƏT-in Minsk Qrupunun 30 ildir apardığı danışıqlar nəticəsiz qaldı və bu qurum Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasına nail ola bilmədi. Bu gün Azərbaycan Ordusu bu işi görməkdədir”.

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Bakıda jurnalistlərə bildirib. M.Şentop deyib ki, bütün Türkiyə xalqı Azərbaycan Ordusu üçün dua edir: “İnanıram ki, Azərbaycan Ordusu zəfər çalacaq”.

 

“Türkiyə-Azərbaycan münasibətləri digər iki ölkə arasında mövcud olan münasibətlərlə müqayisə edilə bilməz. Bu münasibətlər tarixən ən yüksək səviyyədə olub. Ötən əsrin əvvəlində Türkiyənin 34 şəhərindən insanlarımız burada döyüşüblər. Türkiyədən gələrək Azərbaycanda döyüşüb şəhid olanların Şəhidlər xiyabanında abidələri var. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün apardığı savaşı Türkiyədə insanlarımız ölkənizin vətəndaşları qədər həyəcanla izləyirlər”, - deyə TBMM-nin Sədri vurğulayıb.

Müəllif: Ayna.az