“YAŞAT” Fondunun dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid və qazi övladları üçün layihəsi davam edir. Fonddan AYNA-ya verilən məlumata görə, daha bir şəhidimiz Əlimərdan Quluzadənin yeni doğulan övladı Fatimənin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Bu məqsədlə anaya 1 000 AZN təqdim olunub. Dünyaya yeni göz açan körpənin adına isə 5 000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz gələcək və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.