Babək Səmidli Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb
Dünən minaya düşərək şəhid olan Azərbaycan Ordusunun polkovniki Babək Səmidli dəfn olunub. AYNA-nın APA-ya istinadən məlumatına görə, B.Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər - Müdafiə Nazirliyinin nümayəndələri, döyüş yoldaşları B.Səmidlinin şücaətindən, qəhrəmanlığından, döyüş yolundan danışıblar.
Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov B.Səmidlinin tabutu bükülmüş bayrağı onun oğlanlarına verib.
Qeyd edək ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.