Şəbəkəyə giriş problemi Moskva və Sankt-Peterburq da daxil olmaqla, ölkənin müxtəlif şəhərlərdə yaranıb
Rusiyanın "VKontakte" sosial şəbəkəsində problemlər yaranıb. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə “Downdetector” xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün saat 18:00 radələrindən etibarən istifadəçilərdən sosial şəbəkəyə giriş problemi ilə bağlı mesajlar gəlməyə başlayıb. Şəbəkəni açmaq, hesaba daxil olmaq və mesajlaşma ilə bağlı çətinliklər yaranıb. Eyni zamanda, şəbəkəyə video yükləmək mümkün olmayıb.
Bildirilir ki, "VKontakte"yə giriş problemi Moskva və Sankt-Peterburq da daxil olmaqla, ölkənin müxtəlif şəhərlərdə yaranıb.
Sosial şəbəkə istifadəçiləri bunu dünən keçirilən etiraz mitinqləri ilə əlaqələndirirlər. Bildirilir ki, Rusiya hökuməti mitinqlərin görüntülərinin çox yayılmaması üçün şəbəkədə problemlər yaradıb, giriş məhdudlaşdırılıb.
Qeyd edək ki, 23 yanvar günorta saatlarından sonra paytaxt Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində həbsdə olan müxalifət lideri Aleksey Navalnının azadlığa çıxması tələbi ilə kütləvi etiraz mitinqləri keçirilib. Aksiya iştirakçılarına qarşı polis tərəfindən zorakılıqlar edilib, təhlükəsizlik qüvvələri ilə vətəndaşlar arasında qarşıdurmalar müşahidə edilib. Qeyri-rəsmi məlumatlara görə, mitinqlərdə ümumilikdə 2 mindən çox şəxs saxlanılıb.