“Rusiya Qarabağ separatçılarına verdiyi vədi yerinə yetirə bilmədi”

Aktual

13.10.2023 - 10:19

Mərkəz rəhbəri: “Onların azad edilməsi, Ermənistana təhvil verilməsi ilə bağlı Azərbaycana təzyiq cəhdləri olacaq, amma...”

Məlum olduğu kimi, Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri nəticəsində təslim olan və özünü buraxan Qarabağdakı qondarma rejimin keçmiş “rəhbərləri” həbs olunaraq Bakıya gətiriliblər. Xuntanın “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasındadırlar.

Bununla yanaşı, qondarma rejimin “nazirləri”, digər “vəzifəliləri” olmuş separatçılar da qolları qandallı şəkildə Azərbaycan paytaxtına gətiriliblər. Həbs olunan separatçılara qarşı Azərbaycan Cinayət Məcəlləsinin dövlət cinayətləri, terrorçuluq, separatçılıqla bağlı bir çox maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

Bununla paralel olaraq, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlanılıb. Artıq erməni sakinlərin nümayəndələri ilə Azərbaycanın müvafiq rəsmi şəxsləri arasında bir neçə görüş keçirilib.

Azərbaycan dövlətinə qarşı cinayət törətmiş qondarma rejimin “liderlərinin” hansı formada cəzalandırılacaqları, onların bundan sonrakı taleyi və Qarabağın erməni sakinlərinin reinteqrasiyası prosesinin hansı nəticələr verəcəyi ilə bağlı cəmiyytdə müxtəlif suallar var.

Mövzu ilə bağlı AYNA-nın suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb:

- Qondarma rejimin “liderləri”nin həbsi alqışalayiqdir. Ümumiyyətlə, təkcə Azərbaycanda yox, dünyada son 20-30 ildə separatçıların, xüsusilə, silahlı separatizmin başında dayananların, cinayət törədənlərin ilk dəfədir ki, kütləvi həbsi hadisəsi baş verir. Bunu ancaq alqışlamaq lazımdır.

- Məlumdur ki, bu şəxslərin əksəriyyəti Rusiyanın aləti idilər və onların cinayət əməllərinə Rusiya zaman-zaman dolayısı ilə dəstək verib. Maraqlıdır, Rusiya öz əlaltılarını niyə vaxtında Qarabağdan çıxarmadı, yaxud çıxara bilmədi?

- Onların Azərbaycana necə təhvil verilməsi sualı həqiqətən də düşündürücüdür. Bəziləri bildirirlər ki, Rusiya separatçıları aldatdı. Amma elə deyil. Mənim bildiyim qədər Rusiya onlara verdiyi sözə əməl etməyə çalışıb. Moskva çalışıb ki, qondarma rejimin “liderlərini” Xankəndidən çıxarsın. Amma Qarabağın dağlıq hissəsindən Ermənistana keçən yol Azərbaycanın nəzarətində olduğundan və Azərbaycan buna qəti şəkildə etiraz etdiyi üçün Rusiya məcbur olub ki, vədini yerinə yetirməsin. Daha doğrusu, “Rusiya vədini yerinə yetirə bilmədi” desək, daha doğru olardı.

Məndə olan məlumata görə, Rusiya ilə Azərbaycan arasında separatçıların rəhbərlərinin Qarabağdan Ermənistana keçirilməsi üçün intensiv məsləhətləşmələr gedib. Azərbaycan tərəfi qəti şəkildə israr edib ki, onlar ölkə ərazisindən çıxa bilməzlər, həbs olunmalıdırlar, Bakıya gətirilməlidirlər. Sonda Rusiyanın seçimi qalmayıb.

- Sizcə, qondarma rejiminbaşçılarınınbundan sonrakı taleyi necə olacaq?

- Onların hər biri bu və ya digər şəkildə ağır cinayətlər törədib. Nəzərə almaq lazımdır ki, silahlı separatçılığın özü cinayətin ən böyüyüdür. Bununla yanaşı, onların hər birinin ayrı-ayrı cinayət əməlləri var. Kimisi konkret cinayət əmrləri verib, kimisi silahlı dəstə yaradıb, ona başçılıq edib və s. Məsələn, Araik Arutunyan 44 günlük müharibə zamanı videomüraciət yaymışdı. Orada Arutunyan konkret deyir ki, Gəncəyə mülki əhali yaşayan binaya raket zərbəsi endirmək əmrini şəxsən verib və xəbərdarlıq edib ki, digər şəhərlərin də atəşə tutulması əmrini verə bilər. Bu şəxsin əhaliyə qarşı terror törətdiyi öz etirafı ilə sübut olunur və o, terror aktı ilə ittiham edilir. Təbii ki, onlar mütləq ağır cəza almalıdırlar və cəzalandırılacaqlar da.

- Ermənistan bu cinayətkarların azad edilməsi üçün beynəlxalq aləmdən Azərbaycana təzyiq göstərilməsini tələb edir. Sizcə, Azərbaycana təzyiqlər olacaqmı?

- Təbii ki, onların azad edilməsi, Ermənistana təhvil verilməsi ilə bağlı Azərbaycana təzyiq cəhdləri olacaq. Amma hesab edirəm ki, bu təzyiqlərə məhəl qoymamaq, onlara müvafiq şəkildə cəzalar vermək, cəzalarını çəkməyə məcbur etmək lazımdır. Bunun başqa variantı yoxdur. Fərdi qaydada, kimin cəzası nə qədərdirsə, kimin cinayəti nədirsə, ona uyğun cəza tətbiq edilməlidir.

- Müharibə cinayətkarlarının həbsi ilə yanaşı reinteqrasiya prosesi də başlayıb. Azərbaycanın Qarabağ ermənilərinə təklifləri də açıqlandı. Bunu necə qiymətləndirirsiniz?

- Əvvəlcə onu deyim ki, terrorçu rejimin başında dayananların yaxalanmasının, həbsinin reinteqrasiya ilə hansısa əlaqəsi yoxdur. Məsələ burasındadır ki, reinteqrasiya cinayət törətməyən şəxslərə aiddir. Bu barədə Azərbaycanın açıq bəyanatı, mövqeyi var. Təbii ki, sıravi erməni sakinlər xunta rejiminin yaratdığı silahlı dəstələrdə iştirak edib, qondarma quruma xidmət edibsə, bunun özü də cinayətdir. Çünki qeyri-qanuni silahlı dəstə yaratmaq, onun sıralarına qoşulmaq cinayətdir. Amma bununla bağlı Azərbaycan tərəfinin müvafiq təminatı var. Belə ki, konkret cinayət törətməyən şəxslər amnistiyaya düşəcəklər. Məsələn, hansısa erməni sakin qanunsuz rejimin “müdafiə ordusu” sıralarında olub, amma dinc əhalinin güllələnməsində, qətllərdə, işgəncələrdə iştirak etməyib, onlara amnistiya tətbiq olunacaq. Reinteqrasiya dedikdə, cinayətkar dəstələrdə iştirakı olmayan insanlar nəzərdə tutulub ki, bu, Qarabağın erməni sakinlərinin çox böyük hissəsi deməkdir.

- Qarabağdan kütləvi könüllü köçün şahidi olduq. Sizcə, gedənlərdən qayıdan olacaqmı, yaxud nə qədəri qayıdacaq?

- Rəqəmlər çox ziddiyyətlidir. Məsələn, Valday Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi ki, Qarabağda 1000-1500 erməni qalıb. Çox təəccüblü idi ki, Putin belə bir rəqəm səsləndirirdi. Çünki bunun ardınca Rusiya özünün “sülhməramlı” adlandırdığı hərbi kontingentini Qarabağdan çıxarmalıdır. Yəni ki, 1000-1500 ermənini qorumağa ehtiyac yoxdur. Üstəlik, Azərbaycan onların təhlükəsizliyinə təminat verib. BMT missiyası isə fərqli rəqəm səsləndirir.

Ümumiyyətlə, qayıdan olacaq-olmayacaq, dəqiq deyə bilmərəm. Hər halda nə qədər erməni varsa, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasına çalışılacaq. Əlbəttə, bu, həm də onların seçimindən asılı olacaq: onlar Azərbaycanın şərtlərini, qanunlarını qəbul edirlər, ya yox. Etmirlərsə, çıxıb gedəcəklər. Reinteqrasiya o deməkdir ki, indiyədək separatçı bölgədə yaşamış əhaliyə təklif olunur ki, artıq suverenliyini həmin ərazi üzərində bərpa etmiş ölkənin, yəni Azərbaycanın vətəndaşı olmağı qəbul etsinlər. Bu da o deməkdir ki, ölkənin qanunlarına hörmət etməlidirlər, bu qanunlar çərçivəsində yaşamalıdırlar.

- Azərbaycanın reinteqrasiya şərtləri açıqlandı. Bu şərtləri necə qiymətləndirmək olar?

- Reinteqrasiyadan sonra o bölgənin əhalisinin Azərbaycanın digər bölgələrində olan vətəndaşlarından heç bir fərqi olmayacaq. Azərbaycan orada hansısa vəzifəyə erməni millətindən kimisə qoya bilər, yaxud da azərbaycanlı qoyar. Bu, artıq dövlətin strukturlarının qərarına bağlıdır. Tutaq ki, Azərbaycanın hansısa rayonunda ləzgilər çoxluq təşkil edir, yaxud talışlar çoxdur, bu, o demək deyil ki, həmin bölgədə rəhbər hökmən talış, yaxud ləzgi olmalıdır. Qarabağda da heç bir fərq qoyulmamalıdır. Çünki fərq olarsa, bu, Azərbaycanın digər etnik qruplarının nümayəndələrinin diskriminasiyası olacaq. Halbuki həmin etnik qrupun nümayəndələri Azərbaycan dövlətinə canı ilə, qanı ilə, sədaqəti ilə xidmət ediblər. Nəyə görə xidmət edənlərin, dövlətə sadiq olanların hüquqlarından dövlətə qarşı silah qaldıranların hüquqları çox olmalıdır? Bu, məntiqsizlik olardı. SSRİ dövründə ona görə Qarabağda erməni rəhbərlər təyin olunmuşdu ki, burada etnik əsasda yaradılmış muxtar vilayət mövcud idi. İndi həmin vilayət yoxdur və olmayacaq.

Dil məsələsinə gəlincə, Azərbaycan ərazisində yaşayan xalqların hər birinin dilində təhsil almaq hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub. Ermənilər də həmin Konstitusiyaya əsaslanan qanunlarla yaşamalı, oxumalı, fəaliyyət göstərməlidirlər. Təbii ki, reinteqrasiya prosesi asan getməyəcək, müəyyən korrektələr tələb olunacaq. Amma bütün hallarda Azərbaycan dövlətinin qanunları çərçivəsindən kənara çıxmamalıdır, çıxmayacaq da.

Müəllif: Anar Bayramoğlu