“İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında heç bir danışıqlar aparılmır”
“Kolanq dağında heç bir nüvə fəaliyyəti aparılmır”. AYNA.AZ xəbər verir ki, bu barədə “Tasnim”ə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Beqayi deyib.
O, İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında heç bir danışıqların aparılmadığını bildirib.
"Biz BAEA ilə müntəzəm əlaqə saxlayırıq və agentlikdəki nümayəndələrimiz lazım olduqda bu agentliyin müvafiq nümayəndələri ilə əlaqə saxlayırlar. Amma əgər söhbət bizimlə BAEA arasında danışıqların aparılıb-aparılmamasından gedirsə, danışıqlar aparılmır", - XİN rəsmisi vurğulayıb.
İran XİN sözçüsü həmçinin Kolanq dağında heç bir nüvə fəaliyyətinin aparılmadığını bildirib.
Qeyd edək ki, Amerika mediası əvvəllər İrana məxsus 400 kiloqramdan çox zənginləşdirilmiş uranın Kolanq dağında gizlədildiyi barədə məlumat yayıb.