“Senatın bu qərarı Minsk Qrupunun işini niyə bu günə qədər həll edə bilmədiyinin bariz göstəricisidir”
“Dünən Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə, beynəlxalq hüququn ən təməl prinsiplərinin, legitimliyin və ədalətin daxili siyasət mülahizələri naminə nəzərə alınmamasının ibrətlik nümunəsidir”. AYNA xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda əksini tapıb.
XİN hesab edir ki, Senatın bu qərarı həm də həmsədrlər tərəfindən aparılmış ATƏT-in Minsk Qrupunun işini niyə bu günə qədər həll edə bilmədiyinin bariz göstəricisidir: “Ermənistanın əvvəlcə Tovuzda, daha sonra Dağlıq Qarabağda sərgilədiyi təcavüz və təxribatlardan sonra Azərbaycan lazımi cavabı verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın bu meydandakı nəticəsi BMT-nin qətnamələrində və Fransanın həmsədri olduğu Minsk prosesi zamanı qeydə alınan, lakin həyata keçirilməyən hüquqların konkretləşdirilməsində əks olunur. Çünki BMT-nin müvafiq qətnamələri ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tənzimləyir”.
“Belə bir vəziyyətdə Fransa Senatının Azərbaycanın işğaldan azad etdiyi öz torpaqlarından çəkilməyə çağırması, ciddiyə alınmayacaq qədər gülünc, qərəzli və qeyri-real anlayışın təzahürüdür. Heç bir ağlabatan əsaslandırması olmayan bu məntiqdən məhrum qərar, Fransanın məsələnin həllinə həqiqi mənada töhfə verməsini məhdudlaşdırır. 30 ilə yaxındır davam edən Azərbaycan-Ermənistan münaqişəsində əldə olunan mərhələdə Fransanın artıq düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcəyinə ümid edirik. Bunun üçün mövcud həqiqətlərə əsaslanan beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərmək kifayətdir”, - deyə bəyanatda vurğulanıb.
Türkiyə XİN Ankaranın yaxın ərazilərdə on illərdir davam edən bu münaqişənin regional sülh və sabitliyinə töhfə vermək üçün digər müttəfiqləri kimi Fransa ilə birlikdə çalışmağa hazır olduğunu vurğulayıb.