Qazilər Şəhidlər Xiyabanına həsrət qalıb – <font color=red> Dövlət, hara baxırsan?!</font>

Cəmiyyət

24.01.2020 - 10:23

“Şəhidlər Xiyabanında döyüşçü yoldaşlarımızı ziyarət etmək arzumuz ürəyimizdə qalıb”

 

20 yanvar hadisələrinin 30-cu ildönümü günü yenə əlilliyi olan insanlar, əlil arabasında olan şəxslər Şəhidlər Xiyabanını ziyarət edə bilmədi, yaxud bu istəyinə çox çətinliklə nail oldular. Səbəb də şəhidlərin uyuduğu bu yerin infrastrukturunun, pilləkən və səkilərinin hamı üçün nəzərdə tutulmamasıdır.

 

Qarabağ qazisi İlham Məhərrəmov AYNA-ya bu problemdən danışıb: “20 yanvar günü elə bu səbəbdən döyüş yoldaşlarım və əlilliyi olan şəxslərlə birgə o anım mərasimində iştirak edə bilmədik. Hər il gözləyirik ki, bəlkə buna bir əncam çəkilə. Bununla bağlı dəfələrlə müraciətimiz olub. İcra hakimiyyətinə sorğu göndərmişik ki, bu məsələ tam həllini tapsın. Görünür, yenidən təşəbbüs qrupu yaratmağa ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə görüşümüz nəzərdə tutulub. Bu barədə nazirə məlumat verəcəyik. Bizi üzən odur ki, illər keçir, döyüş yoldaşlarımızın travmalardan vəziyyəti ağırlaşır, həyatdan köçürlər. Amma çoxunun Şəhidlər Xiyabanında döyüşçü yoldaşlarını ziyarət etmək arzuları ürəyində qalır”.

 

Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli də AYNA-ya açıqlamasında problemin ciddiliyini qoruduğunu deyib: “10 ildən çoxdur, bu məsələ barədə etirazımızı bildiririk. Bəli, ötən gün 20 yanvar günü Şəhidlər Xiyabanına ziyarətə gedə bilməyən yoldaşlardan narazılıqlar gəlib. Mənim özüm də təəssüf ki, həmin müqəddəs yeri ziyarət edə bilmirəm. Mən deməzdim ki, bu tələblərimiz yalnız qazilər üçün edilməlidir, bütün əlilliyi olan insanları nəzərdə tutaraq Şəhidlər Xiyabanında lazımi keçidlər, panduslar yaradılmalıdır”.

Raminə Eyvazqızı