Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Xəbərlər

08.12.2020 - 19:18

Bəhruz Məhəmmədov: “4 qanun pozucusu barəsində protokol tərtib edilib”

 

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xəzər dənizi sahilində, Mingəçevir su anbarında, Kür çayında və Mil-Muğan Kollektorunun Saatlı rayonundan keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

 

O, qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakini Barat Mehdiyev, Astara rayon sakini Qəzənfər Əliyev, Sumqayıt şəhər sakini Oktay Musayev, Saatlı rayonu sakini Rafət Cəfərov, Xaçmaz rayon sakini Elçin Nəsrullayev, Yevlax rayon sakinləri Elnur Hüseynov və Elçin Bəndəliyev olduğu məlum olub, onlardan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb: “4 qanun pozucusu barəsində protokol tərtib edilib və hər biri 700 manat məbləğində cərimə olunub. Digər üç təqsirkar şəxsin təbiətə vurduğu ziyanın məbləği cinayət tərkibi yaratdığından onlar barəsində toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.

 

B.Məhəmmədov onu da bildirib ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı Qaradağ rayonu, Sahil qəsəbə sakini İlham Süleymanov, Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Kamran İsgəndərov və Binəqədi rayonu, Biləcəri qəsəbə sakini Rövşən Sadığov saxlanılıb. Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Qusar rayon sakini Vahid Ələskərov, Bərdə rayon sakini Səyyaf Ağayev, Xızı rayon sakini Süleyman Ramazanov, Sumqayıt şəhər sakini Əhədağa Rzayev saxlanılıb. Təqsirkar şəxslər barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub.

Müəllif: Ayna.az