Prokurorluq Füzulidə iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb

Hadisə

08.07.2021 - 15:52

Füzulidə iki nəfər minaya düşüb

 

Prokurorluq Füzuli rayonunda iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

 

Füzuli rayon prokurorluğundan AYNA-ya verilən məlumatda bildirilir ki, iyulun 8-də saat 14 radələrində 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.


Araşdırmalarla Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.


Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az