Prezidentdən yeni təyin etdiyi icra başçısına tapşırıq

Siyasət

13.05.2020 - 17:57

“Siz daim xalq içində olmalısınız, vətəndaşlarla bir yerdə olmalısınız, onların problemlərini təhlil etməlisiniz”

 

Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. AYNA xəbər verir ki, ölkə başçısı A.Qocayevə tapşırıqlarını verib.

 

“Siz gənc kadr kimi, ilk növbədə, məcburi köçkünlərə böyük diqqət göstərməlisiniz. Dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir. Fəaliyyətimizin bu istiqaməti 2003-cü ildə mənim Prezident kimi fəaliyyətə başladığım dövrdən əsas xətt kimi davam edir. Mən o vaxt demişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ancaq biz buna dörd il ərzində nail ola bildik. 2007-ci ildə artıq Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdı”, deyə, Prezident qeyd edib.

 

İ.Əliyev deyib ki, çadır şəhərciyi, o acı mənzərə də AXC-Müsavat hakimiyyətinin məhsulu idi: “Ondan sonra biz köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində daha fəal işlər apardıq. Bu gün 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilibdir. Bu il isə bu rəqəm 7 minə və ola bilər 8 minə çatacaq. Ona görə dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir. Keçən il mənim Sərəncamımla məcburi köçkünlərin maddi təminatı da yaxşılaşdırılmışdır. Onlara verilən müavinətin həcmi 50 faiz artmışdır”.

 

Prezident icra başçısına söyləyib ki, o, daim xalq içində olmalıdır: “Vətəndaşlarla bir yerdə olmalısınız, onların problemlərini təhlil etməlisiniz. İlk növbədə, əlbəttə ki, vəziyyəti tam təhlil etməlisiniz və xalqın, məcburi köçkünlərin problemlərinin həlli işində fəal olmalısınız. Elə məsələlər ola bilər ki, yerli icra orqanlarının buna gücü çatmasın, onda siz mütləq mərkəzi icra orqanlarına müraciət etməlisiniz. O məsələlər ki, sizin səlahiyyətinizdə olacaq, təbii ki, bütün bu məsələlər imkan daxilində öz həllini tapmalıdır”.

Müəllif: Ayna.az