Terror aktlarından 24 saat əvvəl Pentaqon rəhbəri orduya terror hücumuna hazırlaşmağı tapşırıb
ABŞ səlahiyyətliləri Əfqanıstanın paytaxtı Kabilin Beynəlxalq Hava Limanında baş verən terror partlayışlarından bir gün əvvəl terror təhlükəsinin yüksək səviyyədə olduğunu biliblər. AYNA xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ Silahlı Qüvvələri komandirləri arasındakı gizli telefon danışıqlarından əldə edilən məlumatlara istinadən yazıb.
Nəşr qeyd edir ki, Kabil Beynəlxalq Hava Limanı yaxınlığındakı terror hücumlarından 24 saat əvvəl Pentaqon rəhbəri Lloyd Austin orduya terror hücumuna hazırlaşmağı tapşırıb.
“ABŞ müdafiə naziri yaxınlaşan hücumlar haqqında əvvəlcədən bilib və bir sıra önləyici tədbirlərin görülməsi zərurəti barədə tabeçiliyinə məlumat verib. Tədbirlər bunlardan ibarət olub: Hava Limanının qapılarının bağlanması, “Taliban”ı potensial təhlükə barədə məlumatlandırmaq, yaxınlıqdakı piyadaların və avtomobillərin hərəkətinin məhdudlaşdırılması və Kabildəki bütün ABŞ vətəndaşlarının müəyyən yerləri ziyarət etməyin təhlükələri barədə xəbərdar edilməsi”, - deyə “Politico” mənbəsinə istinadən qeyd edib.
ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən sözçüsü “Politico”ya açıqlamasında vurğulayıb ki, ABŞ Ordusu təhlükənin fərqində olub və mümkün qədər ayıq qalmağa çalışıb.
Qeyd edək ki, avqustun 26 -da Kabil Beynəlxalq Hava Limanı yaxınlığında bir neçə partlayış baş verib. Terror aktları nəticəsində 13 ABŞ vətəndaşı da daxil olmaqla ən azı 200 nəfər ölüb.