Paşinyan: “TRIPP regionda iqtisadi mühitin transformasiyasının təməl daşı olacaq”

Siyasət

06.10.2026 - 13:25

“Ermənistan və region Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə əlaqəli transformasiya mərhələsindədir”

“Ermənistan və region Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə əlaqəli transformasiya mərhələsindədir”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ilk dəfə keçirilən “Ermənistan-Böyük Britaniya 2026” biznes forumunda çıxışında deyib.

İqtisadi əməkdaşlığın perspektivlərindən danışan Baş nazir qeyd edib: “Hazırda biz hər gün TRIPP layihəsinin praktiki tətbiqinə doğru irəliləmək üçün çalışırıq. Bu, şübhəsiz ki, təkcə Ermənistanda deyil, həm də regionda bütün iqtisadi mühitdə dəyişikliklərin təməl daşı olacaq. Artıq Ermənistana investisiya marağında müəyyən artım müşahidə edirik. Aydındır ki, bu layihə öz növbəsində yeni layihələrin ortaya çıxmasına səbəb olacaq və Ermənistanın və regionumuzun investisiya cəlbediciliyi artacaq”.

Onun sözlərinə görə, TRIPP-nin inkişafı ilə paralel olaraq, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin, eləcə də Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqələrinin açılması gözlənilir.

Paşinyan həmçinin Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin qurulması, Şimal-Cənub layihəsinin həyata keçirilməsi və Şərq-Qərb magistral yollarının açılması perspektivlərini vurğulayıb. O əlavə edib ki, neft və qaz boru kəmərlərinin, eləcə də elektrik xətlərinin tikintisi də müzakirə olunur.

Qeyd edək ki, "Ermənistan-Böyük Britaniya 2026" biznes forumu Ermənistandakı Oksford Məzunları Biznes Klubu (OABCA) tərəfindən Ermənistan hökuməti, “Enterprise Armenia” və Britaniya-Ermənistan Ticarət Palatası (BACC) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Tədbirdə hökumətdən, Mərkəzi Bankdan, beynəlxalq maliyyə və inkişaf qurumlarından, Britaniya diplomatik nümayəndəliyindən, biznes qurumlarından, təhsil və elm müəssisələrindən təxminən 2000 nümayəndə iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş