Müxalifət seçkiyə gedir, amma necə...

Siyasət

13.12.2019 - 22:03

Siyasi partiyalar seçkilərə hansı yeniliklərlə gedəcək?

 

9 fevral 2020-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Siyasi partiyaların əksəriyyəti, o cümlədən hakim Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar seçkilərdə iştirak etməyi düşünür.

 

Maraqlıdır, siyasi partiyalar seçkilərə hansı yeniliklərlə gedəcək? Seçicilərinə nə kimi vədlər verilir? Digər tərəfdən, partiyaların namizədlər siyahısı hansı yaş və sosial qruplardan ibarət olacaq?

 

AYNA suallara cavab tapmaq üçün bəzi müxalifət partiyalarının mövqeyini öyrənib.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə düşünür ki, yeniliyi müxalifət yox, hakimiyyət gətirməlidir: “İstənilən halda təbliğat və təşviqat üsullarımızda yenikliklər edəcəyik. Bacardıqca internetin verdiyi imkan və resurlardan yararlanmağa çalaşacağıq. Artıq seçkidə iştirak etməklə bağlı sənədləri dairə seçki komissiyalarına təqdim etməyə başlamışıq”.

 

“Demək olar ki, 90 nəfərə yaxın namizədimiz var və onlar arasında seçim edirik. Partiyaya üzv olmayan, lakin partiya adından namizədliyini irəli sürmək istəyən şəxslər də bizə müraciət edib və onlarla bağlı da müzakirələr aparılır. Bakıda və bölgələrdə yerləşən seçki komissiyalarına sənədlərimizi təqdim etmişik. Amma hər şey prosesin birinci mərhələsindən sonra dəqiq məlum olacaq”, - o bildirib.

 

Ağazadənin sözlərinə görə, Ümid Partiyası namizədlərinin ortalama yaş həddi 40-ı keçmir: “Yəni namizədlərimiz, əsasən gənclərdən ibatərdir. Namizədlərimizin arasında 50-60 yaş həddini keçən cəmi 10 nəfər var ki, onlardan biri də mənəm”.

 

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, partiyanın qərarına uyğun olaraq dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi prosesi davam edir: “Artıq seçki komissiyalarına sənədlər təqdim olunub. Çünki proses hələlik sənədlərin təqdim olunması istiqamətindədir. Biz də bu gedişata uyğun olaraq işlərimizi həyata keçirməyə çalışırıq”.

 

“Lakin dairə seçki komissiyalarında müəyyən qədər maneələr yaradılır. Yəqin ki, həftə sonuna qədər ümumi dairələr üzrə namizədlərimizin siyahısı açıqlanacaq”, - o bildirib.

 

G.Aslanlı onlar üçün yaş həddinin xüsusi rol oynamadığını əlavə edib: “Seçkilərdə iştirak etmək üçün hər hansı bir yaş həddini qarşıya məqsəd qoymamışıq. Partiya adından gənclərin də namizədliyi irəli sürüləcək. Lakin bu barədə partiyanın dəqiq məlumatı bu həftənin 6-cı günündə açıqlanacaq”.

 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, hazırda partiyanın seçkilərdə iştirak edib-etməyəcəyini müzakirə edirlər: “Mən seçkilərdə iştirakın tərəfdarıyam. Amma iştirak edib-etməmək üçün partiya daxilində müəyyən məsələlər müzakirə olunur. Buna baxmayaraq hələlik son qərarımızı verməmişik. Amma partiya üzvü olan istənilən şəxs, partiya adından namizədliyini irəli sürə bilər. İştirak etmək üçün müraciət edənlər də var. Dəqiq qərarı sonda verəcəyik”.  

 

“Biz keçmiş sovet ölkəsi olduğumuz üçün, namizədlərimizi sosial və yaş qruplarına bölmək istəmirik. Yaşından asılı olmayaraq partiyanın istənilən üzvü seçkilərdə iştirak edə bilər. Bizim partiyada bu məsələlər kvota şəklində həll olunmur”, - deyə Q. Əlibəyli əlavə edib.

 

ReAl Partiyasının sədri İlqar Məmmədov da bildirib ki, hazırda namizədlərin siyahısını müəyyənləşdirirlər: “Eyni zamanda, biz müstəqil namizədlərlə bir yerdə “Real Cümhuriyytçilər” adlı seçki ittifaqı da qurmuşuq və bu ittifaqla bir yerdə parlament seçkilərinə qatılmağa hazılaşırıq. Hazırkı məqsədimiz də müstəqil namizədlərlə ittifaqı genişləndirməkdən ibarətdir. Təbliğat və təşviqat dövründə isə artıq proqram və plotforma ilə bağlı xalqa demək istədiklərimizi çatdıracağıq”.

 

“Əslində bizim yaşlı nəsilə ehtiyacımız var. Buna baxmayaraq ən yaşlı namzidəmiz 50 yaşındadır. Ən gənc namizədimiz isə 20 yaşlarındadır. Amma biz istəyərik ki, imkan daixlində yaşlı nəsildən olan şəxslər də bizim ittifaqda iştirak etsinlər”, - Məmmədov vurğulayıb.

 

Partiya sədri, şəxsən seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı qaranlıq qalan məqama da aydınlıq gətirib: “Hazırda Ali Məhkəmə Plenumunun qərarını gözləyirəm. Çünki Avropa Şurası Nazirlər Komitəsinin qərarına əsasən, Azərbaycan hökuməti mənim seçki haqqımı bərpa etməli və yanvar ayının 31-nə qədər məlumat verməlidir. Prinsip etibarı ilə seçki haqqım bərpa olunmalıdır. Amma bu, hələlik baş verməyib”.

 

AĞ Partiya sədri Tural Abbaslının məlumatına görə, seçkilərdə iştirak etmək üçün sənədləri hazırlamağa başlayıblar: “Lakin bu mərhələdə müəyyən qədər çətinliklər olur. Çünki seçkilərdə partiya olaraq iştirak etmək, şəxsi təşəbbüslə iştirak etməkdən daha çətindir. Artıq Yeni Azərbaycan Partiyası 100 nəfərdən ibarət səlahiyyətli nümayəndəsini təyin edib. Bizim də 20 nəfərdən ibarət səlahiyyətli nümayəndəmiz var. Lakin indiki mərhələdə səndələşmə işləri ilə məşğuluq deyə, sözügedən konsepsiyanın üzərində iş getmir. Yəqin ki, yaxın günlərdə sənədləşmə işləri bitəcək və biz dediyiniz mərhələyə qədəm qoyacağıq”.

 

“Azərbaycanda demək olar ki, ən gənc partiya bizim partiyadır. Ona görə də namizədlərimizin hər biri gənclərdən ibarət olacaq. Hətta, bəlkə də bu seçkilərin ən gənc komandası da biz olacağıq”, - Abbaslı qeyd edib. 

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu diqqətə çatdırıb ki, hələlik seçkilərə qatılıb-qatılmayacaqlarına dair qərar verməyiblər: “Bu ayın 15-də KXCP Ali Məclisinin iclası keçiriləcək. Yalnız iclasdan sonra seçkilərə gedib-getməyəcəyimiz haqda qəti qərar verəcəyik”.

Müəllif: Mərahim Nəsib