Zahid Oruc: “Orada müxalif parlament üzvlərinə növbədənkənar söz hüququ verilə bilər”
Milli Məclisin bu gün keçirilən iclasında “Parlament müxalifəti” haqqında ayrıca qanun yaradılması təklifi irəli sürülüb. AYNA xəbər verir ki, parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, bu gün qanunverici orqanın rəhbərliyində ayrı-ayrı siyasi partiyaların nümayəndələri təmsil olunurlar.
“Prezident İlham Əliyev bunu yeni siyasi arxitektura kimi təqdim etdi. Həqiqətən də bu digər siyasi qüvvələrin məsuliyyətini artırır, onlara inkişaf etməyə, strukturlaşmağa, parlamentin həyatında daha aktiv iştiraka imkan verir. Sadaladıqlarımı nəzərə alaraq, hesab edirəm ki, “Parlament müxalifəti” haqqında ayrıca qanun qəbul edilsə yaxşı olardı. Orada müxalif parlament üzvlərinin növbədənkənar söz hüququ, hökumət siyasətinə alternativ qanun layihələri irəli sürmələrinə dair müddəalar yer ala bilər. Xarici ölkələrin təcrübələrində buna rast gəlinir”, - deyə Z.Oruc vurğulayıb.