Osmanlının "Topxanası"nda Azərbaycan rüzgarı

Mədəniyyət

02.09.2019 - 01:29

Bu son dərəcə gözəl tarixi məkanda zaman-zaman böyük miqyaslı sərgilər keçirilir...

 

İstanbulda Beşiktaşdan Karaköyə doğru sahil yolu ilə gedərkən Eminönünə varmadan sağ tərəfdə görkəmli bir bina - Tophane-i Amire insanın diqqətini çəkir. Qırmızı kərpicin yaratdığı "qədimlik" hissi sizi aldatmır, bu tarixi məkan İstanbul tarixi ilə Osmanlı Ordusu üçün olduqca önəmli bir külliyyədir. Buradakı məkan və tikililər Bizans dönəmindən qalma Ste. Clarie və Aya Photini kilsələrinin olduğu bölgədə yerləşir.

 

1453-də İstanbulu fəth etdikdən sonra Fatih Sultan Mehmet ordu üçün top tökmək üçün böyük bir emalatxana, hərbi istehsal yaratmağa qərar verir. Galata bölgəsinin qırağında, qala divarlarının Doğu Kapısı önündə inşa edilmiş silah təsisinə görə bu qapıya sonralar "Porta delle Bombarde" deməyə başlayıblar.

 

Məşhur səyyah Evliyya Çelebi Fatih Sultan Mehmedin topxananın 1451-1481-ci illərdə inşa edildiyini, daha sonra isə Sultan II Bayezidin 1481-1512-ci illərdə təsisi genişləndirdiyini yazır. Tophane-i Amire indiki halını Qanuni Sultan Süleyman tərəfindən almışdır. O, topxananı yıxaraq yeni inşaata başlamışdır.

 

Yüzillər boyu Osmanlı ordusunun top və sursat ehtiyacını qarşılayan Tophane-i Amire I Dünya müharibəsindən sonra önəmini itirmiş, baxımsızlığa tərk edilmişdir. 1956-cı ildən Hərb muzeyi (Askeri Müze) olaraq istifadə edilən külliyyə 1992-ci ildən Memar Sinan universitetinə devr edilmişdir. Bu son dərəcə gözəl tarixi məkanda zaman-zaman böyük miqyaslı sərgilər keçirilir...

 

Bir neçə gün sonra - sentyabr ayının 5-də "Tophane-i Amire Kültür ve Sanat Merkezi"nin "Beş Kubbe" salonunda Azərbaycanın Xalq rəssamı, tanınmış fırça ustası Sakit Məmmədovun sərgisi açılacaq. Sərgi Azərbaycan və Türkiyə arasında nəhəng iqtisadi layihələrə imza atmış, eyni zamanda ciddi mədəni fəaliyyətlər də aparan SOCAR Türkiye şirkətinin dəstəyi ilə həyata keçirilir. "Opalizm" adlana sərgi qapılarını bir ay boyunca İstanbul sənətsevərləri və qonaqlarının üzünə açıq tutacaq.

 

Məşhur sənət qalareyaçısı Murat Plevnelinin təşkilatçılığı ilə hazırlanan sərgidə "Opalizm" tərzinin yaradıcısı olan Sakit Məmmədovun 163 əsəri nümayiş etdiriləcək. Sanskrit dilində "qiymətli daş" anlamına gələn "upala" sözündən yaranıb opal daşının adı. Bu daşdan ilham alan rəssamın göy qurşağı kimi rəngarəng dünyası Türkiyənin sənət paytaxtı olan İstanbulda Azərbaycan rüzgarı əsdirərək, mədəniyyət və incəsənətimizin tanıdılmasında müstəsna rol oynayacaq...

 

Bir zamanlar Osmanlı İmperatorluğunun hərbi qüdrətinin göstəricilərindən biri olan Tophane-i Amire, bu gün Sakit Məmmədova ev sahibliyi edərək dövrün iqtisadi rifah və mədəniyyət dövrü olduğunu, bu qarışıq dünyanı ancaq gözəlliyin xilas edəcəyini deyir...

 

Картинки по запросу sakit məmmədov

Müəllif: İbrahim Nəbioğlu