NATO-nun Türkiyə “düyünü” çözüldü və: “Ərdoğan çox ciddi sınaq qarşısındadır”

Dünya

29.06.2022 - 18:51

Türkiyədə yaşayan professor: “Moskva Ankaraya qarşı çıxdı və cavabını aldı”

Türkiyə, İsveç və Finlandiya dövlətləri Madriddə keçirilən danışıqlardan sonra birgə bəyanat qəbul edib. Türkiyə tərəfdən sənədi xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıb. Bununla da Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə dəstək verəcəyinə dair öz üzərinə öhdəlik götürüb.

Bəyanatda PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq edilməsi, terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsi, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi, müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qarşısının alınması, əməkdaşlığın genişləndirilməsi, terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi və digər məqamlar öz əksini tapıb.

Bəyanatda nəzərdə tutulan müddəaların həyata keçirilməsinə nəzarət etmək məqsədilə ədliyyə, kəşfiyyat və təhlükəsizlik orqanlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması qərara alınıb. Bununla da İsveç və Finlandiyanın NATO-ya gedən yolu üzərində bütün əngəllər aradan qalxmış sayılır. Türkiyə isə təhlükəsizliyinə təminat məsələsində olduqca mühüm məqamları razılaşdırmış olub.

Bəzi məlumatlara görə, Türkiyənin bu qərarı Rusiya tərəfindən ciddi etirazla qarşılanacaq və iki ölkə arasında münasibətlər yenidən sərinləşəcək. Hətta, bu qərarın ardınca Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulacağı da iddia olunur.

Türkiyənin Ankara Universitetinin professoru, Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl AYNA-ya müsahibəsində Türkiyənin İsveç və Finlandiya ilə bağlı qərarı və digər məsələlər ətrafında fikirlərini bölüşüb.

- Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verdi. Bu qərar Türkiyə ictimaiyyəti tərəfindən necə qarşılanır?

- Əslində Türkiyə ilk günlərdən NATO-nun genişlənməsinə qarşı olmadığını, lakin İsveç və Finlandiyanın ölkəsi tərəfindən terroçu elan edilən qruplaşmalara dəstək verdiyini bəyan edirdi. Həm bu dəstəkdən imtina edilməsini, həm də Türkiyəyə qarşı tətbiq olunan embarqoların aradan qaldırılmasını tələb edirdi. Təbii ki, bu danışıqlar rahat keçmədi və tərəflər ortaya iddialar qoyurdu. Xüsusən İsveç bu məsələdə israr edirdi. Nəhayət NATO-nun Madrid sammiti çərçivəsində birgə bəyanat imzalandı. Türkiyənin tələbləri yerinə yetirildi. Bundan sonra Türkiyə də İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdi.

Unutmaq lazım deyil ki, Türkiyə hansısa dövlətin NATO-ya üzv olmasına qarşı deyil. Çünki Türkiyə özü də NATO-nun üzvüdür və bu qurumun genişlənməsində, inkişafında maraqlıdır. Sadəcə ona qarşı olan haqsızlıqlarla da barışmaq niyyətində deyil və son israrı da məhz bundan qaynaqlanırdı. Düzdür, iddialar var idi ki, guya Türkiyə Rusiyaya dəstək məqsədilə bu addımı atır. Əslində isə bunlar kökündən yanlış iddialar idi. Şübhəsiz ki, son qərar Türkiyə ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılanıb.

- İddialar mövcuddur ki, bu qərardan sonra Türkiyə ilə Rusiya arasında münasibətlər yenidən gərginləşəcək. Bu barədə nə deyə bilərsiniz?

- Türkiyə ilə Rusiya arasında münasibətlər onsuz da müxtəlif səviyyələrdə, gah irəliləmələr, gah da zəifləmələr şəklində davam edirdi. Burada bir məqamı unutmaq lazım deyil ki, Türkiyə diplomatik gedişlərdə milli maraqlara uyğun siyasət yürüdür və heç bir kənar dövlətin maraqları kontekstində çıxış etmir. Türkiyə NATO-nun üzvüdür və bu səbəbdən Rusiya tərəfindən dəfələrlə sərt şəkildə tənqid olunmasına şahidlik etmişik. Düzdür, bu, rəsmi səviiyyədə olmasa da, müxtəlif siyasətçilər, ekspertlər, jurnalistlər tərəfindən həyata keçirilirdi.

Subyektiv fikrim ondan ibarətdir ki, Türkiyənin İsveç və Finlandiya ilə bağlı qərarının arxasında duran səbəblərən biri də Rusiyanın Suriya ilə bağlı öhdəliklərini yerinə yetirməməsidir. Çünki Türkiyə Suriyada əməliyyatlar aparmaq niyyətində idi və çox ehtimal ki, Rusiya buna qarşı çıxıb. Hesab edirəm ki, bu qərarı doğuran səbəblərdən biri də məhz budur. Rusiya Türkiyəyə qarşı çıxdı və cavabını da aldı.

- Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulması gözlənilirmi? Son qərarı həm də buna hazırlıq kimi qiymətləndirənlər var...

- Təbii ki, Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulması istisna olunmur. Burada hər şey Rusiyanın rəftarından və atacağı addımlardan asılı olacaq. Çünki Türkiyə ilk gündən bu müharibənin olmamasına, başladığı təqdirdə isə dayandırılmasına yönəlik addımlar atırdı. Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin bir araya gəlməsi, İstanbul görüşləri ilə davam etdirilməsi bunun bariz nümunəsidir. Lakin Rusiya beynəlxalq hüquqa qarşı olan işğalçılıq siyasətini davam etdirir. Şübhəsiz ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünün dozası artdıqca Türkiyənin də vasitəsçi missiyası çətinləşir.

Rusiya əleyhinə beynəlxalq koalisiyaya qarşı dayanmaqla Türkiyə özü-özünü zərbə altına qoya bilər. Əlbəttə, buna getməyəcəklər. Mövcud şəraitdə isə Türkiyənin Rusiyaya qarşı embarqolara qoşulacağı az inandırıcıdır. Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya münasibətlərinə gəldikdə isə, bunlar bir-biri ilə bağlı məsələlər deyil. Rusiyanın Cənubi Qafqazda bir müttəfiqi var ki, o da Ermənistandır. Azərbaycanla da Rusiyanın münasibətləri yaxşıdır. Lakin bu münasibətlər Azərbaycan-Türkiyə münasibətləri səviyyəsində deyil. Digər yandan artıq Rusiyanın Azərbaycana da təsir imkanları azdır.

- Gələn il Türkiyədə seçkilər keçiriləcək. ABŞ və Avropanın Ərdoğan iqtidarına qarşı təzyiqlər göstərdiyi də heç kimə sirr deyil. Seçkilərlə bağlı gözləntiləriniz nədir?

- 2023-cü il Türkiyənin siyasi həyatında aktiv bir olacaq. Həm iqtidar, həm də müxalifət seçkilərə ciddi şəkildə hazırlaşdığını bəyan edir. Hər iki tərəf müxtəlif koalisiyalar formatında seçkilərə hazırlaşır. Bütün hallarda əsas məsələ seçkilərin demokratik keçirilməsidir. İnanıram ki, qarşıdakı seçkilər də demokratik şəraitdə baş tutacaq. Əsas məsələ də məhz budur. Çünki Türkiyənin kifayət qədər demokratik seçki təcrübəsi var.

Təbii ki, seçkilərin nəticələrinə təsir göstərmək istəyən xarici dairələr də mövcuddur. Onlar da fəaliyyətsiz deyillər. Ancaq seçkilərin taleyinə Türkiyə xalqı özü aydınlıq gətirəcək. Türk xalqı kimi seçəcəksə, o da iqtidara sahiblənəcək. Ərdoğan 20 ildən artıqdır ölkəyə rəhbərlik edir. Əvəlki seçkilərdən fərqli olaraq bu seçkilər onun üçün asan olmayacaq. Açıq şəkildə söyləmək olar ki, Ərdoğan çox ciddi sınaq qarşısındadır.

Müəllif: Azər Niftiyev